Vüqar Qurbanov: Xəstəxanalarımızda mövcud çatışmazlıqların aradan qaldırılması üçün plan hazırlanacaq
Cəmiyyət
30.11.2024 20:14
"Xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaq"
TodayPress xəbər
verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tabeli tibb
müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in
müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən növbəti
geniştərkibli müşavirədə deyib.
V.Qurbanov vurğulayıb ki, ilkin səhiyyə xidmətlərinin
təkmilləşdirilməsi, vərəmlə mübarizənin daha da intensivləşdirilməsi, yeni
yaradılmış Ağciyər Xəstəlikləri Mərkəzinin fəaliyyətinin, tabeli tibb
müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin düzgün təşkili, ağciyər
xəstəliklərinin profilaktikası və müalicəsi üzrə bu sahədə tədbirlərin
keyfiyyətinin yüksəldilməsi davam etdirilməlidir.
"Tərəfimizdən bütün istiqamətlər üzrə müasir
çağırışlara uyğun təkmilləşdirmə və optimallaşdırmalar aparılır. Bu işlərdə hər
birinizin dəstəyi lazımdır. Bizim əsas məqsədimizdən biri də beynəlxalq
təcrübəyə malik olan, xaricdə yaşayan və çalışan həkimlərimizi ölkəmizdə
səhiyyə sahəsində həyata keçirilən islahatlara cəlb edərək, onların
təcrübələrindən faydalanmaqdır. Bilirsiniz ki, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi tərəfindən icra olunan proqram çərçivəsində xaricdə təhsil alan
həkimlərimiz xəstəxanalarımızda işlə təmin olunur, eyni zamanda onların
beynəlxalq təcrübələri səhiyyə sistemimizin inkişafı üçün böyük fayda verir.
Yeni layihəyə əsasən isə yaxın vaxtlarda regionlarda
zəruri cərrahi xidmətlərin təşkilində beynəlxalq standartların tətbiq edilməsi
bu sahədə 2030-cu ilə qədər müəyyən edilmiş beynəlxalq hədəflərə çatmağımıza
zəmin yaradacaqdır. Layihə çərçivəsində bütün xəstəxanalarımızda qiymətləndirmə
aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan
qaldırılması üçün plan hazırlanacaqdır" TƏBİB-in İcraçı direktoru qeyd
edib.
tag: TƏBİB,Xəstəxana, Vüqar Qurbanov, Ağciyər, Xəstəlik, todaypress.az,