Veteranlara ev veriləcək? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət

21.11.2024 12:34

“Ötən dövrdə imtiyazlı kateqoriyalardan olan vətəndaşlarımıza 15 mindən çox mənzil/fərdi ev təqdim olunub”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib. 

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslər, habelə Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları mənzil və ya fərdi evlərlə təmin edilirlər. Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə imtiyazlı kateqoriyalardan olan vətəndaşlarımıza 15 mindən çox mənzil/fərdi ev təqdim olunub və bu işlər davam etdirilir” məlumatda vurğulanıb. 

Günəş Mərd

tag: Veteran, Pul, Ev, AES, Əlil, Himayə, todaypress.az,