Vətəndaş məsuliyyətsizliyinin yaratdığı fəlakət: 1 ay ərazində 2 kütləvi zəhərlənmə - ARAŞDIRMA

Cəmiyyət

12.08.2024 14:21

Ötən gün Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib. Hadisə nəticəsində  93 nəfər xəstəxanaya yerləşdirilib. 

TodayPress olayın baş vermə səbəbləri ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb. 

Qurumdan qeyd olunub ki, hadisənin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Nəticələr barədə məlumat veriləcək. 

Xatırladaq ki, analoji hal iyul ayında da yaşanıb. O zaman Şamaxının Məlikçobanlı kəndində toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılmışdı.  

Tez-tez kütləvi tədbirlərdə baş verən belə hadisələr vətəndaşların qida təhlükəsizliyi mövzusunda kifayət qədər məlumatlı olmadığını göstərir.

Mövzu ilə bağlı TodayPress-ə danışan qida təhlükəsizliyi üzrə ekspert Ağa Salmanov bildirib ki, qida zəhərlənmələri çox vaxt vətəndaşların məsuliyyətsizliyindən yaranır. Çünki onlar riskli qidalarla düzgün davranış qaydalarını bilmirlər: 

“Toy və yas mərasim evlərində daha çox zəhərlənmə halları baş verir. Burada qida məhsullarının qəbulunda bir sıra nöqsanlara yol verilir. Riskli qidalar - ət, toyuq, balıq şirə salmamalı, mənşəyi məlum olmalı və düzgün şəraitdə saxlanılmalıdır. Eyni  zamanda emal prosesi sərin temperaturda aparılmalı, mərasim evlərində aşpazlar xüsusi təlimlər keçməlidirlər. Bundan əlavə, bişirilməsindən süfrəyə təqdim olunmasına qədər qida zəncirində hər bir şeyə ciddi nəzarət olunmalıdır. Amma təəssüf ki, çox vaxt buna əməl edilməməyinin şahidi oluruq”. 

Ekspert qeyd edib ki, vətəndaşlar öz sağlamlıqları naminə qida təhlükəsizliyi bilgilərinə biganə qalmamalıdır: 

“Bəzən görürsünüz ki, yas mərasimləri zamanı vətəndaşlar mərasim yerini icarəyə götürüb, özləri hazırladıqları təamları süfrəyə təqdim edirlər. Bu təamların hansı şəraitdə hazırlandığı isə heç kimə məlum olmur. Daşınması hansı şəraitdə həyata  keçirilir, süfrədə neçə saat qalır bunların hamısı vacib nüanslardır”. 

Bundan başqa əgər yeməklər mərasim evi tərəfindən verilirsə, onlar qida məhsullarının qəbuluna, saxlanılmasına, bişirilməsi və soyudulması texnologiyalarına xüsusi nəzarət etməlidirlər. Çünki söhbət vətəndaşların sağlamlığından gedir.

Günəş Mərd

tag: Vətəndaşlar, Zəhərlənmə, AQTA, Yas Mərasimləri, Ağa Salmanov, todaypress.az,

photo