Valideynlər narahatdır, cizgi filmləri niyə ərşə çəkilib? – Animatorlar səbəbini açıqladılar
Cəmiyyət
23.09.2024 09:46
Azərbaycanda cizgi filmləri demək olar ki, çəkilmir. Yerli telekanallar isə xarici cizgi filmlərini nümayiş etdirir. Təbii ki, bu da uşaqların psixologiyasına təsirsiz ötüşmür, onların milli ruhda böyüməsinə mənfi təsir edir.
Bəs niyə yerli cizgi filmləri çəkilmir? Bu, maliyyə vəsaitinin azlığından yoxsa, bu sahəyə olan diqqətsizlikdən qaynaqlanır?
TodayPress bu sualları yerli animatorlara ünvanladı.
Tanınmış animasiya rejissoru Elçin Hami Axundov mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirdi ki, sabiq mədəniyyət nazirləri heç vaxt bu məsələyə ciddi yanaşmayıblar:
“Sovet dövründə bu sahəyə diqqət, yanaşma tamamilə fərqli idi. Animasiyalarımız sırf uşaqlara aid idi. Sonradan bir az avropalıların təsirinə düşdük. 2000-2012-ci illər aralığında mən “Azan” film studiyasının direktoru idim. Düzdür, maliyyə dəstəyimiz az idi. Orada sırf uşaqlar üçün ildə bir dənə animasiya çəksək də, bu, yoxdan daha yaxşı idi. Bir müddət sonra isə maliyyə dəstəyi olmadı. İndi təzə mədəniyyət naziri animasiya sahəsinə diqqət ayırır. Hətta biz bu il onlayn animasiya kursları açmışıq. Xaricdən gələn müəllimlər bu işə cəlb olunublar. Animasiyanı inkişaf etdirmək, bu istiqamətdə yeni kadrlar yetişdirməyi qərarlaşdırmışıq. Nəticə necə olacaq onu zaman göstərəcək”.
Animator Nüsrət Azad TodayPress-ə açıqlamasında ölkəmizdə müasir cizgi filmlərinin çəkilməməsinin bir sıra səbəblərini sadaladı:
“Əsas səbəb peşəkarların çox az olmasıdır. Hamı şikayətlənir ki, cizgi filmlərin çəkilməsinə maliyyə ayrılmır. Əslində haqlıdırlar, ancaq maliyyə ayıracaq şəxslər bu işi bacaran adamların varlığını görməlidir. İstər tammetrajlı, istərsə də qısametrajlı cizgi film olsun fərqi yoxdur, bütün hallarda böyük büdcəyə, böyük komandaya, avadanlıqlara və zamana ehtiyac olur. Deyək ki, büdcə ayrıldı və bir komanda yığıldı. Bu komanda tələb olunan səviyyədə cizgi filmi çəkib təhvil verə biləcək? Bu çox narahatedici sualdır”.
Mütəxəssis hesab edir ki, hazırda yerli cizgi filmlərinə çox ehtiyac var. Dövlətimizin gələcəyi hesab olunan uşaqlar TV və “Youtube” kanallarında rus və türk dillərində cizgi filmlərinə baxırlar. Bu isə sonradan onların nitqində müəyyən problemlərin yaranmasına səbəb olur.
Rejissor, animator Sultan Abbasbəyli isə TodayPress-ə danışarkən vurğuladı ki, yerli cizgi filmlərin azlığı valideynləri də narahat edir:
“Təəssüf ki, bizim balacalar demək olar ki, xarici cizgi filmləri ilə böyüyür. Valideynlər də bu məsələdən narahatdılar. Onlar Azərbaycan dilində cizgi filmlərinin azlığından şikayətlənirlər. Ölkəmizdə çoxlu sayda cizgi filmləri istehsal olunmalıdır”.
Günəş Mərd
![photo](/uploads/news/66f100c59e202.jpg)
![photo](/uploads/news/66f100dc96e95.jpg)
![photo](/uploads/news/66f100e982925.jpg)