"Uşaqların oriyentasiyasını pozmağa çalışırlar" - Maştağadakı uşaq evində nə baş verir?

Cəmiyyət

22.03.2025 15:40

2807

"Uşaqların gözləri belə müğənni görürsə, qulaqları normal mahnı eşitmirsə, sabah həmin uşaqlar bir fərd olaraq cəmiyyətə qarışanda onların zövqündən, mənəviyyatından şikayət edə bilmərik". 

Sosioloq Lalə Mehralı bu barədə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan Maştağada yerləşən 1 nömrəli tam orta internat məktəbinə Novruz şənliyi üçün gətirilən fərqli oriyentasiyaya sahib müğənni barədə TodayPress-ə danışarkən deyib.

Onun sözlərinə görə, uşaqlarla bağlı addım atanda ən xırda detalına qədər düşünmək lazımdır. Çünki münasibəti nə cür tənzimləyirsənsə, onların inkişafı da o yöndə irəliləyir. Uşaqların mədəni zövqü isə həm gözləri, həm də qulaqları ilə formalaşmalıdır.

"Bu müğənninin ora gətirilməsi bəziləri üçün sıradan bir vəziyyət ola bilər və yaxud da etinasız yanaşa bilərlər. Yəni "bir müğənni lazımdır" gözüylə baxıb və qarşılarına çıxan ilk şəxsi gətirib "konsert" hazırlamış ola bilərlər. Uşaq müəssisəsinə aparılan müğənninin təsadüfən seçilməsi qəbuledilməzdir. Uşaq ruhuna xitab edən müğənni, bayram əhval-ruhiyyəsində bir konsert olmalı idi".

Sosioloq bildirib ki, uşaqlara strateji xidmət göstərmək lazımdır. Bu da təbii ki, gələcək nəslin formalaşmasında ciddi faktordur.

Məsələnin təfərrüatları ilə bağlı sözügedən uşaq evi ilə əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı. 

Sosial Xidmətlər Agentliyinə göndərdiyimiz sorğudan isə məlum oldu ki, 1 nömrəli tam orta internat məktəbi agentliyin tabeliyində deyil. 

Qeyd edək ki, Maştağadakı 1 saylı uşaq evinə Novruz şənliyi münasibətilə çağırılan müğənninin davranışları etirazlara səbəb olub.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar müğənninin cinsi azlıq nümayəndəsi olduğunu bildirib, belə bir şəxsin uşaqlar qarşısında çıxışının yolverilməz olduğunu vurğulayıblar.

Türkan İsgəndərli

tag: todaypress.az,Sosioloq Lalə Mehralı,Uşaq evi,Müğənni,

photo