Uşaqlarda məsuliyyət hissi necə formalaşır?

Cəmiyyət

03.05.2025 15:50

17

Uşağın məsuliyyətli bir fərd kimi formalaşması üçün bu vərdiş ona erkən yaşlardan aşılanmalıdır.

TodayPress xəbər verir ki, “TRT Haber”ə danışan məşhur Klinik Psixoloq Seda Aydoğdu bu barədə valideynlərə bir sıra tövsiyələr verib.

Onun sözlərinə görə, məsuliyyət hissi uşağın qaydalara riayət etməsi, sərhədləri tanıması və öz davranışlarının nəticələrini dərk etməsi ilə bağlıdır. Bu hiss tədricən və gündəlik təcrübə ilə inkişaf edir.

Uşaq nə qədər tez yaşına uyğun tapşırıqlarla tanış olarsa, məsuliyyət anlayışı da bir o qədər sağlam və davamlı formalaşar.

Psixoloq qeyd edib ki, valideynlər tez-tez “hələ uşaqdır, bacarmaz” düşüncəsinə qapılaraq uşaqdan məsuliyyət tələb etməkdən çəkinirlər.

Məsuliyyət hissinin formalaşması üçün valideynin ünsiyyət tərzi də mühüm rol oynayır.

Psixoloq hesab edir ki, uşaqdan bir işi istəyəndə “kömək edərsən?” kimi suallar vermək əvəzinə “masadakı boşqabları sən yerləşdir” kimi qısa, aydın və konkret tapşırıqlar vermək daha effektivdir.

Eyni zamanda, valideynin səs tonu sakit və ardıcıl olmalı, emosional sabitliyini pozmamalıdır.

Psixoloq xəbərdarlıq edib ki, uşaq ona verilmiş tapşırığı yerinə yetirmədikdə, valideynin həmin işi özünün görməsi doğru deyil.

Valideyn dəfələrlə “otağını yığışdırdın?”, “çantanı hazırladın?” kimi suallar verməməli, uşaq özü öz məsuliyyəti dərk etməlidir.

Digər tərəfdən uşağa yaşına uyğun işlər tapşırılmalıdır. Oyuncaqlarını toplamaq, boya qələmlərini yerinə qoymaq, əl və dişlərini yumaq kimi sadə vərdişlər zamanla daha ciddi tapşırıqlara çevrilə bilər.

Psixoloqun fikrincə, bu, uşağın yalnız məsuliyyət hissini deyil, həm də özünə inamını gücləndirir.

Qiymət Mahir

tag: Psixoloq,Uşaq,Məsuliyyət,Valideyn,todaypress.az,