"Uşaqlar valideynlərdən qaçırlar" - Ekspertdən MÜHÜM ÇAĞIRIŞ
“Son günlər azyaşlı uşaqların evdən qaçma xəbərləri artır. Tovuzda qaçan da, Xaçmazda qaçan da gedib Gəncədə tapılır. Onlar əlbəttə ki, Nizami Gəncəvinin məqbərəsini ziyarət etməyə yollanmayıblar. Sadəcə qaçıblar. Valideyndən, məktəbdən, dərsdən, hazırlıqdan, testdən, stressdən, boğucu binalardan…”
TodayPress xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov öz “Facebook” hesabında yazıb.
O, azyaşlıların evdən qaçma hadisələrinin artmasına münasibət bildirib.
“Uşaq olanda düşünürdüm ki, dünya ancaq kəndimiz boydadır. Yolum məktəbə, kəndin kitabxanasına, stadionuna, babamgilə qədər uzanırdı. Rayonlar mənə yad planet kimi görünürdü, çünki getmirdim. Pandemiyada uşaqlara “dərs öyrənsinlər” deyə telefon verdik. Amma görünən odur ki, biz onlara dərs yox, daha fərqli yolları öyrətmişik. Sorğular da bunu deyir: uşaqlar çətin imtahanlardan, hazırlıqdan, qəliz kitablardan bezib”.
Eksepert uşaqların asudə vaxtının olmadığını vurğulayıb:
“Uşaqların asudə vaxtı yoxdur. Olan vaxt da ya test üçündür, ya da qaçmaq. Bakıda hər tərəf beton, hər yer çoxmərtəbəli bina. Parklar – çayxana. Oyun yerləri – qəlyanxana. Uşaqlıq darıxır. Uşaqlar nəfəs ala bilmir. Və bu cəmiyyət, bu təhsil sistemi onların tənəffüsünü əllərindən alır. Nəsə düz getmir, cənablar. Çox şey düz getmir. Amma heç kim dayanıb soruşmur: bu uşaqlar hara qaçır? Əslində onlar bizdən qaçır”.
Qeyd edək ki, Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı aprelin 12-si səhər saat 08:30 radələrində repetiror yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib. Polis əməkdaşları onu Gəncə şəhərində tapıblar.
Qiymət Mahir
tag: Uşaq,Valideyn,Təhsil,Ekspert,Kamran Əsədov,todaypress.az,
