“Uşağa əzab verilən yer”: Bağçalardakı vəziyyət valideynləri narahat edir – ARAŞDIRMA
Cəmiyyət
20.07.2024 10:38
“Əgər bağçada tərbiyəçi uşağa şiddət göstərirsə, bu onun öz əxlaqi dəyərlərinin aşağı olmasının göstəricisidir”.
Bu sözləri TodayPress-ə verdiyi açıqlamada sosioloq Mail Yaqub bildirib. O, bu məsələnin tək həllini güclü nəzarət mexanizminin qurulmasında görür:
“Azyaşlılar özlərini müdafiə etmək gücündə deyillər. İnsan psixologiyası da belədir ki, özündən zəif birini görəndə əzməyə çalışır. Bunun üçün iki yol izləmək lazımdır. Birincisi tərbiyəçilərdə “soft skills” yəni yumşaq bacarıqları inkişaf etdirmək lazımdır. İkincisi isə hüquqi mexanizm, yəni kamera sistemi qurulmalıdır. Şiddətə əl atan müəllimlər cəzalandırılmalıdır ki, bu həm nümunə olsun, həm də bir daha təkrarlanmasın”.
“Bizdə bağçalarda mahiyyət ondan ibarətdir ki, uşağı apar bağçaya, yemeyini ver və yatızdır. Ancaq bağça bu deyil” bunu isə elm və təhsil üzrə ekspert Rizvan Fikrətoğlu deyib. Onun qənaətincə, pedaqoji yönlü ixtisasların kolleclərdə olması düzgün deyil:
“Bu il bağçalarda sertifikasiya nəzərdə tutulmasa da, gələn ildən artıq start veriləcək. Birinci sertifikasiyadan kəsilən müəllim növbətidən də kəsilərsə, işdən uzaqlaşdırılacaq. Sevindirici halda odur ki, növbəti illərdən artıq kolleclərdə bu ixtisas yığışdırılaraq ali məktəbə verilir. Bu olduqca düzgün qərardır”.
Ekspertin sözlərinə görə, əgər tərbiyəçiyə “şirinlik” verməsən, uşağın aqibəti yaxşı olmayacaq, ona yetərincə diqqət, qayğı göstərilməyəcək. O, bu sahədəki problemin həlli üçün xarici təcrübədən yararlanmağın vacibliyini qeyd edib:
“Xarici təcrübəyə mütləq əsaslanmalıyıq. Bağça Azərbaycan xalqının gözündə “uşağa əzab verilən yer” kimi görünür. Bu düşüncədən çıxmaq üçün bağçalarda kameralar olmalıdır. Belə olan halda valideyn uşağını izləyə biləcək. Əslində bu rəsmi qurumların da işinə yarayar ki, mənfi hallar tez aşkarlanıb, qarşısı alınsın”.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəbəqədər təhsil müəssisələrinin kameralaşması imkanları araşdırılır. Həmçinin aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər həyata keçirilir. Agentlik həmçinin valideynlərin bağçalarda uşaqların qidalanması ilə bağlı narahatlığına da aydınlıq gətirib. Qeyd olunub ki, bir sıra bağçalar catering şirkətləri ilə birgə işləyəcəklər.
Yerigəlmişkən iyulun 22-də məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti üçün onlayn sınaq qiymətləndirilməsi olacaq.
Töhfə Səməd
tag: Bağça, Uşaqlar, Əzab, Kamera, Tərbiyyəçi,todaypress.az,