Unudulan dəyərlər: İctimai nəqliyyatda kimə yer verilməlidir?
Cəmiyyət
05.08.2024 15:20
Hər millətin öz mentaliteti, milli ruhu və təfəkkürü var. Hələ uşaq yaşlarımızdan valideyn və müəllimlərimiz böyüklərə qarşı hörmətli, kiçiklərə və fiziki məhdudiyyətli şəxslərə qarşı isə diqqətli olmağı öyrədir. Bu gün yaşlı nəslin nümayəndələri tez-tez “bizim vaxtımızda belə deyildi, böyük gələndə kiçik qalxıb yer verərdi, hamilə xanımlara nəzakətlə yanaşıb, onlara kömək edərdilər” kimi sözlər istifadə edirlər. Bu gün çox yox, elə bir sutka ictimai nəqliyyatda müşahidə aparsaq görərik ki, gənclər indi bu dəyərlərə məhəl qoymur, etinasız yanaşırlar. Maraqlısı odur ki, metro və digər yerlərdə bir sıra məlumatlandırıcı yazı və şəkillər var ki, orada yaşlılara, hamilə qadınlara və fiziki məhdudiyyətli şəxslərə yer verilməsi ilə bağlı xəbərdarlıq edilib. Lakin görünür “yeni nəsil” telefonla məşğul olmaqdan bu qaydaların fərqinə varmayıb və ya varmaq istəmir.
TodayPress ictimai nəqliyyatda könüllülərin yardımı ilə bu vəziyyəti əvvəlki halına qaytarmaqla bağlı "Bakı Metropoliteni"nə müraciət etdi. Təklifimiz isə belə idi ki, könüllü şəxslər qaydalara riayət etməyən vətəndaşlara yaxınlaşıb, onları məlumatlandırsınlar və milli dəyərlərimizə uyğun olaraq davranmağa səsləsinlər. Və yaxud da eskalatorda səslənən kimi, qatarların içində də vətəndaşlara müraciət edilsin, vaxtaşırı qaydalar yadlarına salınsın.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirdi ki, Metropolitendəki spesifik xüsusiyyətlərə görə könüllülük məsələləri bir qədər fərqli yanaşma tələb edir. Buna görə də metroda könüllülər fəaliyyət göstərmir. Əgər könüllü alınarsa, bu zaman mütləq texniki biliklərlə və nizam-intizam qaydaları ilə bağlı xüsusi təlimlərdən keçməlidir. Gələcəkdə könüllülərlə bağlı müxtəlif planlar nəzərdə tutulub, hazırda bu istiqamətdə təhlillər aparılır. Lakin hər hansısa konkret qərarla bağlı danışmaq hələ ki, tezdir.
Qurumun sözçüsü əlavə edib ki, qatarlar xətdə olarkən nizam-intizamla bağlı müxtəlif səsləndirmələrin edilməsinin özünün müxtəlif vaxt intervalı olmalıdır. Bu səbəbdən sərnişinlərin müntəzəm olaraq eyni səsləndirmə ilə narahat etmək düzgün olmaz. Çünki sərnişinin diqqətini yayındırmamaq və onun rahatlığını təmin etmək Metropoliten üçün vacib elementlərdəndir:
“Sərnişinlərə yer verilməsi və s. məsələləri ilə bağlı hazırda təhlillər aparılır. 2023-cü ildən bu yana artıq "Bakı Metropoliteni" post-pandemiya dövrünə qədəm qoyub. Bu səbəbdən hər bir qərar xüsusi araşdırmalar nəticəsində ərsəyə gəlməlidir. Lakin hər hansısa konkret qərarla bağlı danışmaq hələ ki, tezdir”.
İş orasındadır ki, könüllülərin olması və ya məlumatlandırıcı səslərin vaxtaşırı verilməsi də məhz vətəndaşların rahatlığı üçün nəzərdə tutulmuşdu. Lakin nə etmək olar, biz müraciətimizi edib, təklifimizi irəli sürdük. Qaldı bu işin icrası.
Töhfə Səməd
tag: Azərbaycan, Mentalitet, Metro, Dəyərlər, Tərbiyyə, İctimai Nəqliyyat, todaypress.az,
![photo](/uploads/news/66b0b5ab79532.jpg)