Türk dövlətlərinin birgə əlifbası yaradıldı, sıra ortaq dildədir - AKADEMİK AÇIQLADI
Cəmiyyət
11.09.2024 16:21
Türkiyə mediasının yaydığı məlumata əsasən, Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Qeyd edək ki, təklif olunan əlifbada bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir.
Məsələ ilə bağlı TodayPress-ə danışan Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Türk dövlətlərinin ortaq əlifbası ilə bağlı məsələ 1926-cı ildə I Bakı Türkoloji Qurultayında da qaldırılıb: “Hələ o vaxt SSRİ məkanında yaşayan bütün türklər üçün ortaq əlifba yaradılmışdı. Daha sonra bu layihə 1992-ci ildə yenidən qaldırıldı. Bu olduqca müsbət haldır”.
Akademikin sözlərinə görə, TDT təkcə siyasi-iqtisadi deyil, həm də humanitar sahədə fəaliyyət göstərir. Bu mənada ortaq əlifbanın yaradılması haqda qərarın təsdiqini tapması ciddi irəliləyişdir. Çünki bu addım Türk dövlətləri arasında humanitar sahədə əlaqələrin inkişafına təkan verəcək.
“Xüsusi vurğulamalıyam ki, burada Azərbaycan əlifbası əsas götürülüb. Çünki bizim əlifbamızda 32 hərf var. Əlavə olaraq iki hərf də artırılıb. Onlardan biri "sağır nun" səsini ifadə edir. Çünki qazax, qırğız, türkmən və özbəklərin əlifbasında belə bir hərf mövcuddur. Vaxtilə bizim klassik ədəbiyyatımızda, məqalələrimizdə də "sağır nun"dan istifadə olunub”.
M.Nağısoylunun sözlərinə görə, hazırda ortaq ünsiyyət dili üzərində iş gedir: “Hələ ki, ciddi irəliləyiş əldə olunmasa da, gələcəkdə bu istiqamətdə addımlar atılacaq. Bu əvvəl-axır olmalı idi. Madam ki, TDT var, o zaman ortaq dil də olmalıdır. Mən çox vaxt müşahidə etmişəm ki, özbək, qazax və bir neçə Türk dövlətinə mənsub nümayəndələr görüş keçirən zaman Rus dilindən istifadə edirlər. Lakin bu sistem dəyişməlidir. Ortaq əlifbanın yaranması nəticəsində gələcəkdə ortaq türk dili də yaradılacaq”.
Türk Akademiyasından verilən açıqlamada bildirilib ki, Bakıda keçirilən Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası uğurla başa çatıb.
Töhfə Səməd
tag: Əlifba, Ortaq Dil,Türkiyə, Azərbaycan,Türk Akademiyası ,Bakı, todaypress.az,