Tovuzda 3 gündür evdə tək qalan uşaqla bağlı RƏSMİ AÇIQLAMA
"Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb".
TodayPress xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.
O bildirib ki, hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.
"Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tovuz Rayon İcra Hakimiyyəti və DİN-nin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb.
Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq övladına sahib çıxmaq istəmir".
Qeyd edək ki, hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O, bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.
Töhfə Səməd
***
23:46
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.
TodayPress xəbər verir ki, evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.
Qonşular tərəfindən aşkarlanan uşaq polis tərəfindən xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, vətəndaşlar tərəfindən Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub.
"Dərhal polis əməkdaşları sözü gedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq əməkdaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyatı təhlükə olmadığı məlum olub. Rayon ərazisində fəaliyyət göstərən kafelərin birində çalışan uşağın anası ilə profilaktik söhbətlər aparılıb və sonradan uşaq anasına təhvil verilib".
tag: Tovuz, Azyaşlı, Ev, Polis, DİN, todaypress.az,