Tikintidə fəhlə ölümləri artır: Qaydalara niyə əməl olunmur? - Ekspertdən açıqlama
Cəmiyyət
08.10.2024 10:50
Lənkəranın Vilvan kəndində iş zamanı ehtiyatsızlıq edən ustalardan biri hündürlükdən yıxılaraq ölüb, digəri isə xəsarət alıb.
Hadisə işçilərin təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Azərbaycanda da hər il yüzlərlə istehsalat müəssisələrində qəzalar baş verir. Təəssüf ki, bir çox işəgötürənlər hələ də işçilərin təhlükəsizliyini təmin etmirlər.
Bəs problemin həlli nədədir?
Təhlükəsizlik üzrə ekpert Elmar Nurəliyev bu barədə TodayPress-ə danışarkən bildirib ki, tikinti prosesində təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır:
“1,8 və ya 2 metr hündürlükdə görülən işlər zamanı mütləq təhlükəsizlik kəmərindən istifadə olunmalıdır. Daha sonra işçinin əynində uniforma, başında kaska, xüsusi əl və ayaq geyimi olmalıdır. Bir sözlə əməyin mühafizəsi qaydalarına tam əməl olunmalıdır ki, hər hansı bir hadisə zamanı işçi xəsarət almasın, səhhətində problemlər yaranmasın”.
Ekspert qeyd edib ki, tikinti aparan müəssisələr mütləq işçiləri üçün təhlükəsiz əmək şəraiti yaratmalıdır. İşçilər onlara fərdi mühafizə qaydaları nəzərə alınmadan bir iş tapşırılırsa, ondan imtina etməlidirlər. Belə olan halda hər hansı bir bədbəxt hadisənin baş vermə riski minimuma enir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 198.1.2-ci maddəsinə əsasən binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Günəş Mərd
tag: Tikinti ,Fəhlə, Qaydalar, Təhlükəsizlik ,Azərbaycan ,Əmək Məcəlləsi ,todaypress.az,