Tibbi xidmətlərə müraciətlərin sayı 22 milyonu ötdü
Cəmiyyət
17.12.2024 11:30
"İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib".
TodayPress xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin mətbuat konfransında bildirib.
O, qeyd edib ki, xidmətlərin sayı isə ötən illə müqayisədə 20% artaraq 76.8 milyon olub.
"Bu rəqəmlər əhalinin İcbari Tibbi Sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. 2024-cü ilin 11 ayı ərzində 248.6 milyon manat məbləğində özəl tibb müəssisələrinə ödəniş olunub.
Tibb müəssisələrinə müraciətlərin əsas hissəsi qan dövranı xəstəlikləri, ümumi tibbi baxış, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri ilə bağlı olub.
Ümumilikdə əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu, hər iki şəxsdən birinin icbari tibbi sığortanın imkanlarından yararlandığını göstərir" deyə o, diqqətə çatdırıb.
Qeyd edək ki, mətbuat konfransında ilin yekunlarına dair hesabat təqdim olunub və media nümayəndələrinin sualları cavablandırılıb.
Günəş Mərd
tag: İcbari ,Tibbi,Artım ,Sığorta, todaypress.az,