Tələbələrin mənzil problemi: Paytaxtda kirayə evlər bahalaşdı - Ekspert səbəbini açıqladı

Cəmiyyət

14.08.2024 13:05

Ali təhsil müəssisələrində dərslərin başlamasına az qalıb. Artıq Azərbaycanın müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı ilə paytaxta üz tuturlar. 

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bu barədə TodayPress-ə danışarkən bildirib ki, bölgələrdən paytaxta tələbə axını daşınmaz əmlak, xüsusilə də, kirayə mənzil bazarında çox böyük tələbatın meydana gəlməsinə səbəb olur. Nəticədə uyğun qiymətə mənzil tapmaq çətinləşir. O, qeyd edib ki, hazırda kirayə mənzillərin qiymətləri yüksəlib və bu tendensiya davamlı olacaq:

"Hər il paytaxta tələbə axınından sonra kirayə mənzil bazarında qiymətlər artır. Eyni zamanda mənzil qıtlığı yaranır. Bu tendensiyanın avqustun sonu sentyabrın əvvəllərinə qədər şahidi olacağıq. Güman edirəm ki, qiymət artımı əvvəlki dövrlə müqayisədə 10-15 faiz civarında olacaq”. 

Vüqar Orucun sözlərinə görə, tələbələr əksər hallarda tək yox, bir neçə nəfər birləşərək mənzil kirayələsələr belə qiymət artımı qaçılmazdır. Çünki tələbat çoxdur. Onun fikrincə, sentyabr ayından sonra bu proses normallaşacaq. Amma buna baxmayaraq qiymətdə ciddi enmə müşahidə edilməyəcək. Ekspert mövcud problemin həlli yollarına diqqət çəkib:

"Tələbə yataqxanaları, tələbə evləri inşa olunmalıdır. Belə olduqda regionda yaşayan tələbələrin Bakıda təhsil alması da asanlaşacaq. Eyni zamanda bu proses daşınmaz əmlak bazarına da müsbət təsir göstərəcək, qiymətlər od tutub yanmayacaq. Kirayə mənzil bazarında da müəyyən stabilləşmə dövrü yaranacaq". 

Günəş Mərd

tag: Tələbələr, Mənzil Problemi, Vüqar Oruc, Yataqxanalar, Problem, todaypress.az,

photo