"Tələbələrə bilik yox, bacarıq qazandırmaq lazımdır" - Dosent
“Universitetlərdə praktiki dərslərə verilən önəm müxtəlif amillərdən asılı olaraq dəyişir".
Bu barədə TodayPress-ə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirib.
Onun sözlərinə görə, universitetin profili, ixtisas sahəsi, tədris planı və müəllim heyətinin yanaşması bu məsələyə ciddi təsir göstərir:
“Texniki və tətbiqi ixtisaslarda (mühəndislik, iqtisadiyyat, informasiya texnologiyaları, tibb və s.) praktiki dərslərə daha çox yer verilməlidir. Bu istiqamətlərdə laboratoriyalar, praktik tapşırıqlar və təcrübə proqramları vacib hesab olunur. Humanitar və ictimai elmlər sahəsində də praktiki dərslər seminar, təqdimat, tərcümə tapşırıqları və təhlil üzərində qurulmalıdır. Lakin bu proses hələ də sistemli şəkildə tətbiq olunmur və nəzəriyyəyə üstünlük verilməsi müşahidə olunur".
Dosent bildirib ki, pedaqoji ixtisaslarda isə xüsusilə xarici dil müəllimliyi və tərcümə sahəsində tələbələrə son semestrdə ayrılan pedaqoji və istehsalat təcrübəsi krediti və saatları onlara məktəblərdə təcrübə keçmək, dərs planı hazırlamaq və sinif qarşısında çıxış etmək kimi praktik imkanlar yaradır.
Onun sözlərinə görə, tələbələr dərs planı hazırlamaq, sinif qarşısında çıxış etmək kimi vacib bacarıqları təcrübədə tətbiq edirlər. Amma bu imkanların keyfiyyəti və davamlılığı icraçı qurumlardan və müəllim yanaşmasından asılı olaraq dəyişir.
Vüsalə Ağabəylinin fikrincə, son illər bəzi universitetlərdə mühazirələrin seminar dərsləri ilə əvəzlənməsi müsbət haldır.
“Məsələn, Azərbaycan Dillər Universitetində mühazirə saatları əvəzinə seminar dərsləri keçirilir. Bu dərslərin məqsədi tələbəni birbaşa tədris yönümlü fəaliyyətə cəlb etmək, interaktiv öyrənmə mühiti yaratmaqdır. Artıq bir sıra gənc mütəxəssislər “problem əsaslı öyrənmə” və “layihə əsaslı öyrənmə” modellərini tətbiq etməyə başlayıb. Bu metodlar nəzəri biliklərin praktikaya tətbiqinə və ixtisas üzrə təhlil qabiliyyətinin inkişafına xidmət edir”.
Ekspert əlavə edib ki, bəzi universitetlərdə hələ də tələbələrdə “soyuq divar effekti” yaradan mühazirə dərsləri qalır:
“Yalnız müəllimyönümlü və müzakirəsiz təşkil olunan dərslər tələbələrin yaradıcı və tənqidi təfəkkürünü inkişaf etdirmir, onları interaktiv tədrisdən uzaqlaşdırır. Müasir dövrdə internet resursları və süni intellekt tətbiqləri tələbələr üçün bütün mənbələri əlçatan edib. Belə bir vaxtda dərslər qarşılıqlı müzakirə, layihə və təhlil əsasında qurulmalıdır”.
Mütəxəssis hesab edir ki, müəllimin funksiyası artıq yalnız məlumat ötürmək yox, tələbəni tədqiqata yönəltmək olmalıdır.
Türkan İsgəndərli
tag: Vüsalə Ağabəyli,Dosent,Universitet,Tələbə,Todaypress.az,
