Sürücülərin nəzərinə! Avtobus zolağına daxil olmaq olar, amma bir şərtlə - Rəsmi
Cəmiyyət
15.08.2024 12:28
Avtobus zolaqları ictimai nəqliyyatdan istifadə edənlər üçün rahatlıq yaratsa da, şəxsi maşını ilə səyahət edənlərə bir sıra maneələr törədir. Belə ki, vətəndaşlar avtobus zolaqları olan yolda avtomobillərini saxlayıb, kimisə düşürtmək istəyəndə çaşqınlıq içində qalırlar. Çünki avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Belə olanda halda vətəndaş nə etməlidir?
TodayPress məsələyə aydınlıq gətirmək və yaranan suallara cavab tapmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdi. Lakin qurum sualımızı cavablandıra bilmədiyi üçün bizi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yönləndirdi.
İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirdi ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunun 48-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılıbsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bu fikirləri təsdiqləyərək əlavə etdi ki, avtobus zolağının qırıq-qırıq hissəsindən sürücü avtomobillə daxil olub, sərnişini endirə və eyni qayda ilə zolağı tərk edə bilər. Əlbəttə ki, bu zaman avtobusa mane olmamağa, onun yolunu kəsməməyə xüsusi diqqət yetirməlidir. Yolun ortasında isə heç bir halda avtomobili saxlamaq və ya sərnişin endirib-mindirmək olmaz.
Qeyd edək ki, avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Töhfə Səməd