Sumqayıtda məktəbi niyə bit-birə basıb? - RƏSMİ
Cəmiyyət
25.09.2024 14:33
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit-birə basıb. Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpilənəndən sonra uşaqların əksəriyyəti zəhərlənib. Bu barədə övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildiriblər. Onlardan birinin sözlərinə görə, qızı sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Valideynlər iddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.
TodayPress iddialara aydınlıq gətirmək üçün Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanladı.
İdarədən bildirildi ki, Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdən verilən məlumata əsasən məktəbin 6 “K” sinif şagirdləri Quba Ruslan qızı və İbrahimli Nuray Samir qızı sentyabrın 23-də dərsdən evə gedəndən sonra özlərini pis hiss etdikləri üçün valideynləri təcili yardıma müraciət ediblər. Uşaq xəstəxanasında şagirdlərə ilkin tibbi yardım göstərilib. Daha sonra Bakı şəhərində xəstəxanının toksikologiya şöbəsində müayinə olunduqdan sonra evə buraxılıblar. Hazırda uşaqların vəziyyəti yaxşıdır.
Qeyd olunub ki, məktəb direktorunun verdiyi məlumata əsasən şagirdləri müayinə edən həkimlərlə danışılıb və həkim şagirdlərdə zəhərlənmə hallarının olmadığını bildirib:
“Tədris ili başlamazdan öncə məktəbin ikinci tədris korpusunda həşaratlara qarşı dezinfeksiya işləri aparılıb və orada tədris dayandırılıb, siniflər əsas korpusda dərslərə başlayıb. 23 sentyabrda məktəb rəhbərliyi yenidən ikinci korpusda tədrisi davam etdirmək qərarına gəlib, yuxarıda qeyd edilən hal baş verdiyi üçün dərslər yenidən dayandırılıb. Həmin gün adı çəkilən korpusda 330-dan çox şagird dərslərdə iştirak edib və heç bir şagirddə belə hal müşahidə olunmayıb”.
Son olaraq qeyd olunub ki, artıq Prokurorluq tərəfindən məktəbdə araşdırma başlanılıb və idarədən məktəbin dezinfeksiya olunması barədə sənədlər istənilib.
Günəş Mərd
tag: Təhsil ,Sumqayıt ,Məktəb ,Həşəratlar,Təcili Yardım ,todaypress.az,