“Su və gender bərabərliyi” mövzusunda konfrans başa çatdı

Cəmiyyət

16.10.2024 14:25

Oktyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 təşkilat komitəsinin üzvü Bahar Muradova bildirib ki, ucqar rayonlarda suya olan ehtiyacın dərəcəsi araşdırılmalı, data analizlər edilməli və bundan sonra ona əsasən layihələr hazırlanmalıdır. Unutmayaq ki, su nə qədər vacibdirsə, gender bərabərliyi də bir o qədər vacibdir. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov isə diqqətə çatdırıb ki, kənd və rayon yerlərində qadınlar başlarında səhənglə su gətiriblər. Lakin həmin qadınlar su gətirmək üçün sərf etdikləri enerjini digər sahələrə, xüsusilə də təhsilə yönəldə bilərlər.

“İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur” deyən COP29 Azərbaycan üzrə baş icraçı direktor, energetika nazirinin müavini Elnur Soltanov əlavə edib ki, su ilə bağlı məsələlərdə qadınlar hələ də siyasi cəhətdən zəif mövqedə qalırlar. Bu da onların qərar qəbuletmə prosesində daha az rol oynaması ilə əlaqədardır.

ADA Universitetinin icraçı prorektoru, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə COP29 çərçivəsində Azərbaycan universitetlərinin birgə assosiasiyasının yaradılacağını vurğulayıb.

Maarifləndirmənin iqlim və gender məsələlərində vacib rol oynadığını diqqətə çatdıran millət vəkili Hicran Hüseynova isə qeyd edib ki, ekologiya mədəniyyəti formalaşmalıdır, əks halda biz uzunmüddətli problemlərlə qarşılaşacağıq.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat isə öz növbəsində dünyada yaranan su problemi və bu məsələnin genderlə birbaşa əlaqəsi ilə bağlı nitq söyləyib. Onun sözlərinə görə, gender bərabərliyinə investisiyaların qoyulması gələcəyə yatırımdır. 

Daha sonra “Təhsildə gender bərabərliyi və su ehtiyatları idarəçiliyi: Bərabər iştirakın təmin edilməsi” panelində moderator kimi çıxış edənmillət vəkili, COP29 təşkilat komitəsinin üzvü Nigar Arpadarai qeyd edib ki, su məsələləri ilə yanaşı, quraqlıq da ciddi narahatlıq yaradır. Qadınlar isə hər iki situasiyada əziyyət çəkirlər.

Konfrans müzakirələrlə davam edib. 

Töhfə Səməd

tag: BMT ,Azərbaycan ,COP29, Su Ehtiyatları, Konfrans ,todaypress.az,

photo
photo
photo
photo
photo