Silinmiş piyada zolağında baş verən qəzalarda kimdir günahkar? - EKSPERT RƏYİ

Cəmiyyət

19.08.2024 14:29

2024-cü ilin yanvar-iyun aylarında 681 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzaların 42,4 faizi gündüz, 39,2 faizi gecə, 18,4 faizi isə toran vaxtına təsadüf edib. Bu halların əksəriyyəti piyada və ya sürücü məsuliyyətsizliyindən baş versə də, hər iki tərəfin günahı olmadan yaşanan hadisələr də az deyil. 

Məsələn, paytaxtın bir sıra yerlərində piyada zolaqları tamamilə silinib və ya yararsız vəziyyətdədir. Lakin alternativ variant olmadığına görə vətəndaşlar həmin keçidlərdən istifadə edirlər. 

Maraqlıdır, rəngi solan, qeybə çəkilən “zebra”lar səbəbindən qeydə alınan hər hansı bir qəzaya görə, məsuliyyəti kim daşıyır? 

TodayPress-in sualına cavab olaraq nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, piyada zolağı tamamilə silinibsə, nə vətəndaş, nə də sürücü onu görmürsə, bu zaman o, yox kimi sayılır. Olmayan bir şeyə görə də, heç bir tərəf məsuliyyət daşımır:

“Bu işdə məsuliyyət yola nəzarət edən qurumun və həmin əraziyə baxan İcra Hakimiyyətinin üzərinə düşür. Silinmiş zolaq üzərində piyada keçərkən qəza baş verərsə, bu zaman həmin bu qurumlar məhkəmə qarşısında cavab verməli olacaq”.

Ekspert sonda əlavə etdi ki, piyada və sürücünün müəyyən edilmiş məsuliyyət dərəcələri var. Hər bir halda, istər yolu keçərkən, istərsə də nəqliyyat vasitəsini idarə edərkən ehtiyyatlı olmaq lazımdır.

Töhfə Səməd

tag: Piyada Zolağı, Qəza, Avtomobil, Yol, Sürücü, todaypress.az,

photo