Sərnişinlər narazıdır: Avtobuslarda niyə tibbi çanta yoxdur? - ARAŞDIRMA
Cəmiyyət
25.09.2024 16:05
Günümüzdə tez-tez sərnişin daşıyan, xüsusən də şəhər daxili nəqliyyatda fəaliyyət göstərən avtobuslarda sərnişinlərin sağlamlığı ilə bağlı problem yaşadığının şahidi oluruq. Həmin anlarda isə onlara demək olar ki, heç bir ilk tibbi yardım göstərilmir. Bu vaxt avtobuslarda ümumiyyətlə ilk tibbi yardım üçün heç bir ləvazimat və dərmanların olmadığı ortaya çıxır.
Maraqlıdır, niyə “BakuBus” kimi yeni, müasir avtobuslarda ilk tibbi yardım üçün kiçik aptek çantası yoxdur?
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev bu barədə TodayPress-ə danışarkən bildirib ki, yol hərəkəti haqqında qanunda da nəqliyyat vasitələrində ilk tibbi yardım çantası olması göstərilib:
“O çantada lazım olan dərman və preparatların adları və miqdarları qeyd olunub. Belə olmadığı halda İnzibati Xətalar Məcəlləsinin müəyyən maddələri ilə bu nəqliyyat vasitələrini idarə edənlərə cərimə nəzərdə tutulur. Müəyyən reydlər keçirilir və həmin avtobuslar müəyyən edilir”.
Onun sözlərinə görə, sərnişinlərin sağlamlığı naminə avtobuslarda mütləq onlara ilk tibbi yardım göstərmək üçün tibbi yardım çantaları olmalıdır. Onların içinə tələb olunan bütün dərman preparatları yerləşdirilməlidir.
Məsələ ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, “BakuBus” MMC-yə məxsus bütün avtobuslarda zəruri hallar üçün ilk tibbi yardım çantaları var və lazımi dərmanlar, tibbi vasitələrlə təchiz edilib. Bu çantalar Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) əməkdaşları tərəfindən mütəmadi monitorinq olunur. Eyni zamanda, sürücülər avtobuslarda yarana biləcək hər hansı gözlənilməz sağlamlıq problemi zamanı görülməli tədbirlərə dair təlimatlandırılıb və ilkin yardım tədbirləri görmək üçün lazımi bilik və bacarıqlara malikdirlər.
Allahverdi Nadiroğlu
tag: BakuBus ,Sərnişinlər, İlk Tibbi Yardım,Nəqliyyat ,Sürücülər ,todaypress.az,