Seldə ölən işçiyə görə zərəri kim ödəyəcək? – AÇIQLAMA

Cəmiyyət

17.04.2025 14:46

21

Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində üç nəfər yaralanıb, Pərviz Həyatullayev adlı tikinti sahəsinin rəisi isə həlak olub. Onlar Muğanlı-İsmayıllı-Qəbələ yolu layihəsinin işçiləri olub. Küləkdən qorunmaq üçün ekskavatora sığınsalar da, güclü sel texnikanı aşırıb.

Vəkil Sadiq Əfəndiyev bu barədə TodayPress-ə danışarkən bildirib ki, işəgötürən əmək şəraitində təhlükəsizliyin təmin olunması, texniki təhlükəsizlik qaydalarının qorunması və əməyin mühafizəsi istiqamətində lazımi tədbirləri görməlidir.

Vəkil vurğulayıb ki, burada ilk növbədə ölümün səbəbləri araşdırılmalı, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Bu isə yalnız sübutlar və ekspertiza rəyləri əsasında müəyyən olunur.  Hadisə nəticəsində həyatını itirmiş şəxsin ailə üzvlərinin hüquqlarına da toxunan Sadiq Əfəndiyev əlavə edib ki, təqsirkar şəxsin cinayət məsuliyyəti ilə yanaşı, mülki məsuliyyəti də nəzərə alınır.

“İş prosesi vaxtı həlak olan şəxsin ailə üzvləri onun çalışdığı müəssisəyə qarşı maddi və mənəvi ziyanın ödənilməsini tələb edə və azyaşlı övladları varsa, aylıq müavinət formasında da tələblər irəli sürə bilərlər”.

Vəkil həmçinin qeyd edib ki, bəzi hallarda bu cür hadisələr əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən deyil, digər cinayət xarakterli səbəblərlə də baş verə bilər. Buna görə də istintaq orqanı bütün ehtimalları araşdırmalı və hadisənin səbəblərinə tam aydınlıq gətirməlidir:

“Əgər ağır hava şəraitində işlərin görülməsi zəruri idisə, o zaman sual doğur: işəgötürən bu işlərin yerinə yetirilməsi zamanı əmək təhlükəsizliyi qaydalarını maksimum səviyyədə təmin edibmi? Əgər şirkətin səhlənkarlığı təsdiqlənərsə, məsul şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilir və nəticədə ittiham aktı ilə məhkəməyə göndərilir. Məhkəmə onu təqsirli bilsə, barəsində ittiham hökmü çıxarılır” deyə Sadiq Əfəndiyev fikrini yekunlaşdırıb.   

Türkan İsgəndərli

tag: Sadiq Əfəndiyev,Vəkil,Sel,Ölən İşçi,Zərər,Ödəniş,Todaypress.az,

photo