Şəhid Kamran Kazımovun anası: “Kaş onlar da bu günləri, görəydilər…”

Cəmiyyət

27.09.2024 12:51

“Tez-tez gəlib oğlumu ziyarət edirəm, onu heç vaxt tək qoymuram”.  

Bu sözləri şəhid, baş leytenant Kamran Kazımovun anası İkinci Fəxri xiyabanda oğlunun məzarını ziayrət edərkən TodayPress-ə söyləyib. 

O, ürəyində ağrı təzə olsa da, bu gün çox qürurlu olduğunu deyib: 

“Çünki torpaqlarımız artıq işğaldan azad olunub və bu gün bütöv Azərbaycanda yaşayırıq. Onlar bu günləri görməsələr də, ruhları şaddır” deyə ana əlavə edib.  

Qeyd edək ki, Vətən uğrunda son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalmış cəsur övladlarımızdan biri də baş leytenant Kazımov Kamran Qurbanəli oğludur. Şəhidimizin döyüş yolu elə Vətən müharibəsinin ilk günündən - 2020-ci il sentyabrın 27-dən başlayıb. O, bu tarixdən etibarən döyüşlərə qatılıb. Baş leytenant əsl döyüşçü kimi öz cəsurluğunu və qorxmazlığını Murovdağ istiqamətində bir sıra strateji yüksəkliklərin azad olunması uğrunda başlayan ilk hərbi əməliyyatlarda göstərib. 5 oktyabr 2020-ci il Cəbrayıl istiqamətində gedən döyüş Kamran Kazımovun son döyüşü olub. 

Baş leytenant K.Kazımov 2020-ci il oktyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Onun üç övladı  vətənə  əmanət qalıb.  

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli, 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş leytenant Kazımov Kamran Qurbanəli oğlu (ölümündən sonra) “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. 

Töhfə Səməd

tag: Azərbaycan ,Cəbrayıl,Vətən ,Ziyarət ,Fəxri Xiyaban ,Kamran Kazımov ,todaypress.az,