Sədr: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Cəmiyyət

20.01.2025 14:05

"2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyası tikiləcək, bununla 4 kəsişmə stansiyası olacaq".

TodayPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirilib.

"2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metropoliten stansiyasının tikilərək təhvil verilməsi tapşırığını almışıq. Bu, nəqliyyat sahəsində böyük bir inkişaf deməkdir. Bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin "rəqəmsal əkiz" layihəsi hazırlanıb. Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və "dar boğaz"ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə, ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb" o vurğulayıb.


V. Aslanovun sözlərinə görə, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir: "Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, "Memar Əcəmi" stansiyasında "Bənövşəyi" xətt ilə "Yaşıl" xəttin kəsişməsi, digəri isə "28 May" stansiyasında "qırmızı" xətt ilə "yaşıl" xəttin kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq. Bunlar "Nizami" metrosunda "Bənövşəyi" xətt ilə "Yaşıl" xəttin, "Sahil" metrosunda "Qırmızı" xətt ilə "Bənövşəyi" xəttin, "Xətai" metrosunda "Yaşıl" xətt ilə "Bənövşəyi" xəttin və nəhayət, "Həzi Aslanov" stansiyasında "Yaşıl" xətt ilə "Qırmızı" xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərin daha çevik marşrutlarla hərəkət etməsinə və sıxlığın azalmasına ciddi təsir göstərəcək".

Sədr açıqlayıb ki, yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-nin yeni "Dərnəgül" deposunun istifadəyə verilməsi planlaşdırılır.

"Hazırda metronun "Qırmızı" və "Yaşıl" xətlərinə xidmət edən yalnız bir depo – "Nərimanov" deposu mövcuddur: Yeni depo istifadəyə verildikdən sonra "Yaşıl" xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri də "İçərişəhər" və "Xətai" stansiyalarında geri dönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar" deyə o qeyd edib.

Bundan başqa, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında birləşən "Qırmızı" və "Yaşıl" xətlərin ayrılmasının nəzərdə tutulduğu xatırladılıb.

"Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri xətlərin ayrılmasıdır. Dünya təcrübəsi göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımıza əsasən, "Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına qədər, "İçərişəhər" stansiyasından gələn qatarlar isə "Həzi Aslanov" stansiyasına qədər hərəkət edəcək. Bununla da intervalları qismən azaldacağıq" deyə o vurğulayıb.

Onun sözlərinə görə, metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir: "Yeni nəsil vaqonlardan istifadə edirik, onların da enerji sərfiyyatı köhnə nəsil vaqonlardan çoxdur. Bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən qısalmaları hiss edəcəyik. Bütünlükdə bu tədbirlər bir il yarım - iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə endirə biləcəyik".

tag: Bakı Metropoliteni, Metro, Bakı,Nəqliyyat,Cəmiyyət,todaypress.az,