Sahibkarlara qazanc gətirən bəhanə: "POS-terminal işləmir!" - Vətəndaşlar nə etməldir?

Cəmiyyət

11.09.2024 14:18

Əksər mağazalarda alış-veriş edərkən “POS-terminal nasazdır”, “Enerjiyə taxmağı unutmuşuq”, “Siz kartdan göndərin, mən sizə endirim edəcəm”  kimi sözlərini gün ərzində bir neçə dəfə eşidirik. Təəssüf ki, bu cümlələr ya əzbərlənmiş, ya da vergidən yayınmaq üçün müdriyyət tərəfindən xüsusi tapşırıq nəticəsində deyilmiş olur. Bu kimi hallar istehlakçıların hüquqlarını pozmaqla yanaşı, həm də qanuna ziddir.

Vergi məsələləri üzrə mütəxəssis Anar Bayramov TodayPress-ə danışarkən bildirib ki, ictimai iaşə obyeklərində biz tez-tez "nasaz" POS-terminallarla qarşılaşırıq. Bunun əsas səbəbi isə odur ki, sahibkarlar dövriyyəni gizlətmək istəyirlər: 

“Kassa və nağd satışlarda texniki olaraq sonradan prosesi ləğv etmək mümkündür. Lakin terminal ödənişlərində pul satıcının rəsmi bank hesabına köçür deyə, oraya müdaxilə edə və ya dövriyyəni gizlədə bilmir. Ona görə də bir çox hallarda müştəri ödəniş edən zaman sahibkar "card to card" üsulunu təklif edir. Çünki həmin kart vergi ödəyicisinin şəxsinə məxsusdur, biznes hesabında görünmür. Bu zaman vergidən yayınma halları baş verir”.

Mütəxəssisin sözlərinə görə, vergi orqanları dövriyyənin şəffaflaşması istiqamətində bir sıra layihələr həyata keçirir. Burada xüsusilə "ƏDV geri al" layihəsinə diqqət çəkmək lazımdır. Belə ki, kim POS-terminalla ödəniş edərsə, Əlavə Dəyər Vergisinin (ƏDV) 17.5%-i, nağd ödənişlərdə isə 5% geri qayıdır. Bundan başqa, sahibkarların nağdsız dövriyyələri yüksək olarsa, o zaman onlardan daha güzəştli vergilərin alınması nəzərdə tutulur. Bundan başqa, Vergilər Məcəlləsinin tələbinə əsasən, əgər qanunsuzluq aşkar olunarsa, obyektə ilk dəfə olduqda min manat, təqvim ili ərzində ikinci dəfə aşkarlandıqda üç min manat, iki və daha artıq qanun pozuntusu olduqda isə altı min manat cərimə tətbiq edilir. Anar Bayramov vətəndaşlara "card to card" sistemindən istifadə etməməyi tövsiyyə etdi:

“Müştəri POS-terminalı israrla tələb etməlidir, çünki bu onların qanuni hüququdur. Onsuz da biz görürük ki, müştəri tələb edəndən sonra həmin "nasaz" POS-terminal yavaş-yavaş piştaxtanın arxasından çıxıb, elektrik şəbəkəsinə qoşulur və işlək vəziyyətə gətirilir. Yox, əgər sahibkar ödənişi “card to card” sistemi ilə almağı tələb edərsə, o zaman həmin obyektdən uzaqlaşmaq lazımdır. Təəssüf ki, vergi orqanları bu kimi halların qarşısını almaq üçün vaxtaşırı reydlər keçirsə də, hər birini diqqətdə saxlamaq qeyri-mümkündür. Çünki obyeklərin sayı həddindən artıq çox, bu işlə məşğul olan vergi işçiləri isə azdır”. 

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci maddəsində qeyd edilib ki, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.

Töhfə Səməd

tag: Pos terminal, İnsanlar, Alış-Veriş, Ticarət, Obyektlər, Vergi ,Anar Bayramov ,todaypress.az,

photo