Şadlıq sarayları toy hazırlığına başlayır - MENYULAR BAHALAŞDI
Cəmiyyət
15.08.2024 11:15
Məhərrəm ayının bitməsinə az qalmış şadlıq evlərində boş yer tapmaq getdikcə çətinləşir. Yerlər artıq bir neçə ay öncədən bron edilib. Adətən toy-nişan mərasimləri üçün həftə sonlarına üstünlük verilirdisə, artıq yaranmış sıxlıq səbəbindən həftə içi sifariş verənlərə də rast gəlinir. Qiymətlərin isə necə olacağı sual altındadır.
Məsələylə bağlı TodayPress-ə danışan iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, Məhərrəm ayından sonra yerlərin məhdudlaşması və ciddi növbələrin yaranması artıq ənənə halını alıb. Bu da sözsüz ki, tələbin artmasına səbəb olur:
“Təəssüf ki, sahibkarlarımız yaranan vəziyyətdən sui-istifadə edərək süni qiymət artımına gedirlər. Hazırda bəzi ərzaq məhsuallarında da qiymət artımı müşahidə olunur. Xüsusilə də bunu ət məhsullarında gördük. Sözsüz ki, bu da şadlıq saraylarına təsirsiz ötüşməyəcək. Lakin digər məhsullarda hələ ki, artım gözlənilmir”.
Sosioloq Üzeyir Şəfiyev isə TodayPress-ə bildirib ki, şadlıq sarayları əsasən "toy bazar"larını sahibkarların, iş adamlarının təşviq etdiyi formada idarə edirlər. Ümumiyyətlə paytaxtdakı dəbdəbəli şadlıq sarayları insanların təlabatlarına uyğun deyil. Toy ənənələrini isə dəyişmək lazımdır:
“Bunu yarış psixologiyasından çıxarmalı və sırf göstəriş üçün o qədər pul tökülməsinin qarşısını almalıyıq. "Qonşudan qalma geri" prinsipi ilə irəli gedə bilmərik. Daha təvazökar və sadə tədbirlər keçirmək lazımdır. Düşünürəm ki, bu lazımsız dəbdəbəli toy mərasimlərindən qurtulmağın vaxtı çatıb”.
Ekspertin fikrincə, indiki toylarda ümumiyyətlə Azərbaycan adət-ənənələrindən əsər-əlamət yoxdur.
Qeyd edək ki, Məhərrəm ayı sentyabrın 5-də başa çatacaq.
Töhfə Səməd
tag: Toy, Şadlıq Sarayları,Azərbaycan, Adət ,Mərrəmlik, Üzeyir Şəfiyev,Eyyub Kərimli, todaypress.az,