Rəşad Məcid: “Jurnalistlərin ixtisaslaşması üçün maliyyə lazımdır” – MÜSAHİBƏ - VİDEO

Cəmiyyət

26.03.2025 17:10

1971

“Azərbaycanda jurnalistlərin ixtisaslaşmasına maliyyə problemləri əngəl törədir”.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid TodayPress-ə müsahibəsində deyib.

O, ixtisaslaşma ilə bağlı ABŞ təcrübəsinə diqqət çəkib:

“20-25 il əvvəl qəzetlərin imkanlarının yüksək olduğu dövrdə də jurnalistlərin sahələr üzrə ixtisaslaşması məsələsi bizi narahat edirdi. ABŞ-də olduğum zaman “New York Times” qəzetinin ofisində maraqlı təcrübə ilə rastlaşdım. Orada bizə bir jurnalisti təqdim etdilər. Məlum oldu ki, o, ilboyu yalnız orta məktəblərdə coğrafiya fənninin tədrisi problemlərini araşdırır. Bəzən hətta il ərzində heç bir məqaləsi çap olunmur. Lakin həmin şəxs sahəsinin ən yaxşı mütəxəssisi hesab edilir və problem yaranan kimi dərhal yüksək səviyyədə məqalə hazırlayırdı. Mən həmin jurnalistin maaşını soruşdum, bildirdilər ki, aylıq 7 min dollar alır. Yəni, il ərzində heç bir məqaləsi çap edilməsə belə, sırf sahə üzrə yüksək ixtisaslı olduğuna görə ona bu əməkhaqqı ödənir”.

R. Məcid qeyd edib ki, Azərbaycanda bu cür təcrübənin formalaşmasına imkan yoxdur:

“Jurnalistlərin ixtisaslaşması üçün əsas şərt maliyyədir. Azərbaycanda qəzetlər biznes resursuna çevrilə bilmədi, güclü iqtisadi imkanlara sahib media qurumları yaranmadı. Buna görə də jurnalistlərin ixtisaslaşmasını istədiyimiz səviyyədə reallaşdıra bilmədik. İndi əksər qəzet və saytlarda jurnalistlər bu gün mədəniyyətdən yazırsa, sabah siyasət, iqtisadiyyat və idmandan da yazırlar”.

O, informasiya texnologiyalarının inkişafının da media bazarını sıradan çıxardığını deyib:

“İnformasiya texnologiyalarının sürətli inkişafı mediaya yönələn reklam gəlirlərini parçalamağa başladı. Bloqerlər və yutuberlər reklam bazarını ciddi şəkildə dağıtdılar. Bütün bunlara görə təəssüflər olsun ki, hazırda jurnalistlər ölkədə ən az qazanan peşə sahibləri sırasındadırlar”.

Qiymət Mahir

tag: Rəşad Məcid,