Razi Nurullayev müalicə üçün xaricə gedən deputatlardan danışdı
“Ölkədə əksər xəstəliklərin müalicəsi üçün düzgün tibbi protokollar mövcuddur və səhiyyə müəssisələri müasir avadanlıqlarla təchiz olunub”.
Milli Məclisin deputatı Razi Nurullayev bunu TodayPress-ə açıqlamasında deyib.
Deputat bildirib ki, şəxsən özü müalicə üçün xarici ölkələrə üz tutmur:
“Azərbaycan tibbinə güvənirəm. Azərbaycan səhiyyəsinə inamım var. Özüm burada müalicə olunuram. Kim də xaricə üz tutursa, Allah onlara can sağlığı versin, sağlamlıqlarına qovuşsunlar.”
Millət vəkilinin sözlərinə görə, bəzi insanlar Türkiyə və Almaniya kimi ölkələrə üstünlük versə də, Azərbaycanda da tibbi xidmətlər həm keyfiyyət, həm də qiymət baxımından əlçatandır:
“Azərbaycanda elə həkimlər var ki, onların səhvi ucbatından problemlər yaşanır. Amma ümumilikdə çox gözəl mütəxəssislərimiz var. Mən və yaxınlarım müxtəlif xəstəliklərlə bağlı müraciət etmişik və narazı qalmamışıq”
Onkologiya sahəsində isə vəziyyətin fərqli olduğunu qeyd edən deputat, bəzən xəstələrin xaricə üz tutmasını normal qarşıladığını bildirib.
Onun sözlərinə görə, sağalmaq üçün insanlar bütün imkanlardan istifadə etmək istəyirlər:
"Hətta elə insanlar var ki, Türkiyəyə, Almaniyaya üz tutur. Amma bu ölkələrin öz vətəndaşları da müalicə üçün tam başqa ölkəyə gedirlər. Yəni bu bir dövriyyə prosesidir. Düşünürəm ki, bu sadəcə psixoloji olaraq rahatlıq tapmaqdır. Mən Azərbaycanda yoxlanışı daha üstün sayıram. Bizdə həkimlə daha rahat danışmaq, xahiş etmək olur. Amma xarici ölkələrdə bir az fərqlidir. Yəni bizim millətimiz xidmət almağı sevir. Başqa ölkələrdə onların psixologiyası və yaxud mentaliteti başqadır".
Sonda Razi Nurullayev bildirib ki, bəzi xəstəliklər hələ də icbari tibbi sığorta paketinə daxil edilməyib. Onun fikrincə, dövlət büdcəsi artdıqca bu məsələlər də mərhələli şəkildə həll olunacaq.
Türkan İsgəndərli
tag: Razi Nurullayev,Deputat,Müalicə,Açıqlama,Todaypress.az,