Quş qripindən ilk insan ölümü qeydə alındı: ÖLKƏMİZDƏ VƏZİYƏT...

Cəmiyyət

06.06.2024 16:57

Ümumdünya Səhiyyə Təşkilatı dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını açıqlayıb. Xəstəlik Meksika ştatının 59 yaşlı sakinində aşkarlanıb. Xəstəxanaya yerləşdirilən sakin elə həmin gün orada ölüb.

Maraqlıdır, bəs hazırda Azərbaycanda quş qripi ilə bağlı vəziyyət nə yerdədir?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, AQTA Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir:

“Təşkilatın rəsmi məlumatlarına əsasən, Agentlik tərəfindən müvafiq qərarlar qəbul edilir. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunur. AQTA aidiyyəti qurumlarla birgə respublika ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçirir və nəticələrini ictimaiyyətə açıqlayır. Sonuncu monitorinqlər quşçuluq, eləcə də ovçuluq təsərrüfatlarını, milli parkların su-bataqlıq sahələri və dənizsahili zonaları və s. əhatə edib. Bu ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 59 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Aparılan sonuncu monitorinqlər zamanı müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib”.

Bəs quş qripinə yoluxmanın qarşısını necə ala bilərik? 

Bu barədə TodayPress-ə danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, hazırda quş qripinin pandemiya yaratmaq ehtimalı olmasa da, geniş narahatlıq yarada bilər: 

“Xırda epideomioloji ocaqlar ayrı-ayrı ölkələrdə problemlər yarada bilər. Quş ətinin bizim də rasionumuzun əsas elementlərindən biri olduğunu nəzərə alsaq, həmin müddət ərzində bizim ölkədə də xeyli problemlər yaşana bilər. Ona görə xüsusilə transsərhəd keçid məntəqələrində diqqətli olmaq lazımdır. Şübhəli şəxslər qospitalizasiya olunmalıdır. Xəstəliyi dəqiqləşdirilməlidir. Biz özümüz də diqqətli olmalıyıq. Belə bir yayılma coğrafiyası müəyyən olunsa, dərhal müvəqqəti olaraq quş ətinin idxalına, istehlakına qadağa qoyulmalıdır. Bütün hallarda müvafiq qurumlar indidən lazımi tədbirləri görməlidirlər”. 

Günəş Mərd

tag: Quş qripi, Səhiyyə, Azərbaycan, Qrip, Virus, todaypres.az,

photo