Qurbanlıq heyvanların satışı və kəsimi yerləri açıqlandı
Cəmiyyət
14.06.2024 09:05
Qurban bayramı günlərində
heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb.
AQTA-dan TodayPress-ə verilən məlumata görə, Qurban
bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və
qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq
heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.
Həmin satış məntəqələrində
baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə
kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra
regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə
razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq
heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Həmçinin ölkə ərazisində
fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən
sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara
çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən
ətraflı məlumatlar veriləcək.
Qurban bayramı günlərində
respublika üzrə 147 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı
və kəsimi yerlərindən 64-də həm kəsim, həm satış, 47-də qurbanlıq heyvanların
yalnız satışı, 36-da isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif
olunacaq.
Vətəndaşlar bayram günlərində
saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək
üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
tag: Qurban Bayramı, AQTA, Satış, Kəsim, Ünvan, todaypress.az,