Qış təkərlərindən istifadə etməyən sürücüləri hansı cəza gözləyir? - EKSPERT RƏYİ
Cəmiyyət
20.12.2024 16:07
Yollarda qəzalar daha çox payız-qış aylarında baş verir. Yağış suları və qardan iflic olmuş yollarda hərəkət etmək, həm nəqliyyatın, həm də piyadaların işini çətinləşdirir, zəncirvari qəzalar qaçınılmaz olur. Bu kimi halların qarşısını almaq üçün bir çox ölkələrdə qış təkərlərinin taxılması məcburidir.
Bəs Azərbaycanda bununla bağlı qanun varmı?
TodayPress-in suallarına cavab olaraq nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, təəssüf ki, Azərbaycanda qış təkərlərinin taxılması məcburi yox, sadəcə müraciət əsasında olur. Lakin sükan arxasında əyləşən hər kəs bunu bilməlidir ki, tempratur müsbət 7 dərəcənin altına düşdüsə, artıq yay təkərləri lazım olan funksiyanı tam yerinə yetirmir:
“Ümumiyyətlə Azərbaycanda təkərlərlə bağlı sadəcə bir qanun var ki, orada ümumi olaraq qeyd olunub ki, təkərin protektor dərinliyi 1.6 milli metrdən aşağı olmamalıdır. Lakin bunun yay yoxsa qış fəsli üçün nəzərdə tutulduğu bildirilməyib. Qeyd olunan ölçü Avropa ölkələrində yay təkərləri üçün hesablanıb. Qışda isə 3 milli metrdən aşağı olmamalıdır”.
Ekspert bildirib ki, bu məsələyə mütləq formada yenidən baxılmalı və üzərində iş aparılmalıdır. Məsələn, Türkiyədə belə bir nümunə var ki, rayonun daxilində rahatlıqla nəqliyyat vasitəsindən istifadə edə bilərsiniz. Lakin Uludağ kimi qarlı və dağlıq ərazilərə gedən zaman mütləq təkərləri ona uyğun dəyişməlisiniz, əks təqdirdə cərimə yazılır. Bundan başqa, orada ticarət məqsədilə fəaliyyət göstərən şirkətlərin maşınları üçün də bu qayda şamil olunur və təkərlərin həmin standartlara cavab verməsi qanunla tənzimlənir.
Raqif Raufoğlunun sözlərinə görə, bu gün bazarda multi-iqlim təkərləri də mövcuddur. Hansı ki, onlar həm də soyuq aylarda istifadə oluna bilir:
“Lakin sürücülər alan zaman buna diqqət yetirmir. Və yaxud da qiyməti daha aşağı olduğuna görə yay təkəri almağa üstünlük verirlər. Onları hansı təhlükələrin gözlədiyini nəzərə almırlar”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da diqqətə çatdırıb ki, qış təkərlərinin materialları digər mövsüm təkərlərindən fərqli olaraq daha elastik və şaxtaya dözümlü olur və soyuq havada öz elastikliyini itirmir.
Lakin Eldəniz Cəfərov qış təkərləri ilə bağlı qanunun elə də böyük əhəmiyyət daşımadığını dilə gətirib. “Azərbaycanda mülayim iqlim müşahidə olunur və qar da digər ölkələrə nisbətən az yağır. Buna görə də qış təkərlərinin taxılması ilə bağlı hər hansısa qanuna ehtiyac yoxdur” deyə o, əlavə edib.
Töhfə Səməd
tag: Qış ,Təkər, Yollar, İflic, todaypress.az,