Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc etdi
Cəmiyyət
04.02.2025 20:11
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.
TodayPress xəbər verir ki, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.
Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o
cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında
ekspertlərin ilkin nəticələri yer alıb.
"İstintaq Komissiyası hava gəmisinin konstruksiya
zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı
füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və
istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz
zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı,
eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin
düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir.
Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və
Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə
məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması
üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt
çıxarılıb", - hesabatda deyilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini
həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak
olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı
üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə
nəticəsində qəzaya uğrayıb.
tag: Hesabat, AZAL, Təyyarə, Qara Qutu, Qazaxıstan, Aktau, todaypress.az,