Qaçqınların boşaltdığı yataqxanalar tələbələrin istifadəsinə veriləcək? - ARAŞDIRMA
Cəmiyyət
17.08.2024 15:40
Bildiyimiz kimi, uzun illərdir Bakıdakı bəzi universitet yataqxanalarında qaçqın və məcburi köçkünlərin məskunlaşması həmin ali məktəblərin tələbələrinə əlavə problemlər yaradırdı. Tələbələr məcburən kirayə ev axtarışına çıxır, bu zamansa maddi durumu yaxşı olmayanlar çətinliklərlə üzləşirdilər.
Artıq 4 ildir ki, torpaqlarımız işğaldan azad olunub. İndi Böyük Qayıdış proqramı çərçivəsində qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar.
Maraqlıdır, onların arasında paytaxtdakı universitetlərin yataqxanalarında məskunlaşanlardan da var? Həmin yataqxanaların yenidən tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulurmu?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ("Qaçqınkom") TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən tərtib edilmiş planlar üzrə bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş və ya yenidən tikilmiş evlərə ilk növbədə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin köçürülməsi həyata keçirilir. Amma qurum hansı yataqxanaların boşaldığı barədə məlumat verməyib.
Bəzi universitetlər isə sorğumuzu bu şəkildə cavablandırdılar.
Azərbaycan Dillər Univeristeti:
"Universitetimizin yataqxanasında Füzuli, Ağdam, Zəngilan, Xocalı sakinləri olmaqla 341 nəfər məskunlaşmışdı. Onların arasından üç ailə Füzuli rayonuna, öz doğma torpaqlarına qayıdıb. Onlar tərəfindən boşaldılmış otaqlarda tələbələrin yerləşdirilməsi üçün əsaslı təmir-infrastruktur işləri görülməlidir".
Azərbaycan Texniki Universiteti:
"AzTU-nun yataqxana binalarında 1988-1990-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Son illər binalarda 124 ailə yaşayırdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 10 ailə öz doğma yurd-yuvalarına köçürülüb. Qalan 114 ailə hazırda binalarda yaşayır. Qeyd edək ki, yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib".
Azərbaycan Tibb Universiteti:
"Vaxtilə ATU-nun dörd saylı yataqxanasında qaçqın və məcburi köçkünlər yaşayırdı. Onlar üç il bundan öncə Qobustan ərazisinə köçürülüb, orada yeni evlərlə təmin olunublar. Onların doğma yurdlarına qayıtması ilə bağlı isə heç bir məlumatımız yoxdur. Həmin 4 saylı yataqxana isə yararsız vəziyyətə düşüb. Gələcəkdə maliyyə imkanlarımız yaxşı olarsa, ora söküləcək və universitet üçün ehtiyac olan bir yerə çevriləcək. Hazırda isə bizim tələbələrin yataqxanaya ehtiyacı yoxdur".
Təhsil üzrə ekspert Elçin Süleymanov TodayPress-ə açıqlamasında paytaxtdakı universitetlərin yataqxana məsələsinin hələ də aktual problemlərdən biri olduğunu bildirib:
"Təbii ki, həm tələblərin maddi vəziyyəti, həm də tələbə cəmiyyətində yaşayış baxımından yataqxanalar əhəmiyyətlidir. Düzdür, bəzi universitetlər var ki, onların yataqxanaları var. Amma ümumi olaraq əksər universitetdə yataqxanaya tələbat yüksəkdir və tam qarşılanmır”.
Ekspert qeyd edib ki, sözügedən yataqxanalar boşaldıldıqdan sonra onların təmiri, yenidən tələbələrin ixtiyarına verilməsi müəyyən zaman alacaq:
"Məcburi köçkünlərin istifadəsində olan yataqxanaların ciddi təmirə ehtiyacı var. Bəziləri müasir tələblərə cavab vermir. Sovet dövründəki yataqxana anlayışı artıq dünyada dəyişib. Hətta bununla əlaqədar xüsusi bir dövlət proqramı olmalıdır. Vəsait ayrılmalıdır. Bu yataqxanalar sökülüb yenidən tikilməlidir. Daha komfortlu yataqxanalar qurulmalıdır. Yaxşı yataqxanaların olması əcnəbi tələbələrin ölkəyə gəlməsinə də şərait yaradacaq”.
Elçin Süleymanovun fikrincə, yataqxana ortamı həm tələbələrin sosiallaşmasına, həm də onların tələbə həyatı yaşamasına yaxşı təsir göstərir. Bununla əlaqədar olaraq sadəcə universitet büdcəsindən yox, ayrı bir dövlət proqramı ilə yataqxanalar yenidən ali təhsil ocaqlarına qaytarıla bilər. Bu da tələbələrin maddi-məişət şəraitinin yaxşılaşmasına müsbət təsir göstərər, kirayə xərclərinin azalmasına səbəb olar.
Günəş Mərd
tag: Yataqxanalar,Tələbə, Universitetlər, Qaçqınlar,Təhsil Ocaqları,todaypress.az,
![photo](/uploads/news/66c08b2b93331.jpg)