Qaçaqmalçılıqla ölkəyə qızıl külçə gətirməyə görə Gömrük Komitəsinin inspektoru və digər şəxs həbs olundu
Cəmiyyət
07.01.2025 20:27
Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirməkdə
təqsirləndirilən şəxs həbs edilib.
TodayPress
xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə,
qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də,
həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri
barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət
işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində davam etdirilir.
İstintaq zamanı
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və
Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru
Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş
Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il
tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər
Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461
min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu
ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən
edilib.
Həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət
kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
Toplanmış
sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər
Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs
tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs
tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində
istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs
qətimkan tədbiri seçilib.
tag: Qaçaqmalçılıq, Baş Prokurorluq, Qızıl Külçə Gömrük, Beynəlxalq, todaypress.az,