Paytaxtın tıxac problemi həll olunur: Bakıda 10 yeni metro stansiyası tikiləcək - Açıqlama
Cəmiyyət
14.01.2025 18:41
“Yağışa görə paytaxt yollarında yaranan vəziyyət bir daha göstərdi ki, Bakıda relsli nəqliyyatın inkişafına təcili ehtiyac var”.
İnşaatçı-mühəndis Azər Axundov bu barədə TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, sıxlıq olsa da, metro və elektrik qatarı dayanmadan işləyir. Bu səbəbdən hər iki növün daha da genişlənməsi üçün investisiyanın ayrılması mütləqdir. Bu iş üçün 3-4 milyard xərcləmək yolların genişlənməsindən daha faydalıdır. Mütəxəssis Bakıda yeni tikiləcək 10 metrostansiyanın yerləşmə sxeminə də diqqət çəkib:
“Bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Yəni, bənövşəyi xətt üzrə 6, yaşıl xətt üzrə isə 4 stansiya tikilməlidir. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının inşası də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik”.
A.Axundov diqqətə çatdırıb ki, sxemdə ən maraqlı məqam bənövşəyi xəttə yeni stansiyanın əlavə olunmasıdır. Belə ki, metronun təsdiqlənmiş konseptual sxemində bənövşəyi xətt üzrə “B-5” stansiyası Xarici İşlər Nazirliyi ətrafında, “B-6” stansiyası isə Hökumət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və qırmızı xəttin “Sahil” stansiyasına keçid kimi göstərilib:
“Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə bənövşəyi xətt üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni “Sahil” stansiyası yanında keçid stansiyası olarsa 6, olmasa, 5 stansiya tikilməlidir. “Sahil” stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə, bənövşəyi xətlə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda bu istiqamətdən mikrorayonlara qayıdanlar artıq yüklənmiş “28 May” stansiyası əvəzinə “Sahil” tərəfdən də metroya giriş əldə etmiş olar”.
Ekspert hesab edir ki, bənövşəyi xəttin stansiyaları köhnə stansiyalar kimi 5 yox, 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikiləcəyi üçün bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən isə TodayPress-ə bildirilib ki, yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib:
“Cənab Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq yaxın illərdə Bakı metropoliteninin inkişafı çərçivəsində 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar arasında yaşıl xəttin “Xətai-Həzi Aslanov-2” seqmentində 4 yeni stansiya və “Dərnəgül” elektrik deposunun inşası xüsusi əhəmiyyət kəsb edir. Həmçinin bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metropolitenin mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Bakı şəhərinin nəqliyyat infrastrukturu, xüsusilə Bakı metropoliteninin inkişafı ilə bağlı vacib məsələlərə toxunaraq müvafiq tapşırıqlar verdiyini qeyd edib.
Günəş Mərd
tag: Yağışa ,İnşaatçı,Azər Axundov,Ağ Şəhər,Mütəxəssis ,Bakı,todaypress.az,