Osman Karakuş: “Şəhid ailələrinin uşaqlarına qayğı göstərmək bizim ən böyük borcumuzdur”
Cəmiyyət
30.10.2024 11:45
“Hər şey Qarabağ üçün” layihəsinə əsasən biz həm qayıdış, həm də təhlükəsizliyin təmin olunması üçün birlik nümayiş etdirdik. Belə ki, satılan lotereyalardan əldə edilən müəyyən miqdarda gəlir Qarabağ Dirçəliş Fondu vasitəsilə yardımlar üçün istifadə olunub”.
TodayPress xəbər verir ki, bunu “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qarabağın yenidən dirçəlməsi üçün ən böyük missiyalardan biri həmin ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsidir. Bu layihələrdən biri də ətraf mühitin yaxşılaşdırılmasıdır. Buna əsasən 30-40 hektarlıq ərazinin hazırda yaşıllaşdırma və istifadəyə yenidən yararlı hala gətirilməsi üçün işlər görülür:
“Həyata keçirdiyimiz digər mühüm layihə isə şəhid ailələrinin övladlarına təhsil almaları üçün dəstək olmaqdır. Belə ki, həmin gənclər təhsil aldıqları müddət ərzində şirkətimiz tərəfindən həm təhsil haqqı, həm də digər xərcləri qarşılanır. Şəhid ailələrinin uşaqlarına bu qayğını göstərmək bizim ən böyük borcumuzdur”.
Qeyd edək ki, tədbir zamanı iştirakçılara mina problemi, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarının gedişatı ilə bağlı məlumat verilib, bu problemin həllində ölkə ictimaiyyətinin daha yaxından iştirakı ətrafında müzakirələr aparılıb.
Eyni zamanda tədbirdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə "Azərlotereya" ASC tərəfindən alınmış üç minaaxtaran itin Fondun vasitəçiliyi ilə ANAMA-ya təqdim edilməsi də nəzərdə tutulur.
Töhfə Səməd
tag: Qarabağ, Şəhid, Cəmiyyət, Mina,ANAMA,Osman Karakuş, todaypress.az,