Onlayn bazarlara maraq artır: Fırıldaqçılardan necə qorunmalıyıq? - ARAŞDIRMA
Rəqəmsal texnologiyaların inkişafı ilə birlikdə internet üzərindən alış-veriş artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə son illərdə onlayn ticarət platformalarının sürətlə artması, istifadəçilərə rahat və sürətli alış-veriş imkanı yaratmaqla yanaşı, eyni zamanda yeni riskləri də ortaya çıxarıb. Bu gün Azərbaycanda da minlərlə insan müxtəlif saytlar və sosial media üzərindən demək olar ki, hər şeyi satın ala bilir. Buraya məhsul, geyim, aksesuar, əşya ilə yanaşı, hansısa xidmətin əldə edilməsi də daxildir. Lakin bu zaman dələduzluq hallarının yaşanması qaçılmazdır.
Vətəndaş İlkin Həsənov bu kataqoriyadan olan şikayət əsasında TodayPress-ə müraciət edib.
O bildirib ki, son dövrlər “Facebook”da müxtəlif xidmət göstərmək adı altında fırıldaqçılıqla məşğul olan şəxslərin olduğunu görüb. Tam əmin olmaq üçün aprelin 27-də müvafiq şəxslərdən birinə müraciət edib.
“Instagram”ıma “panel” (digər vasitələrlə izləyici artırmaq) vurdurmaq istədiyimi söylədim və məndən ödəniş tələb etdilər. Ödənişi bank kartlarına etdikdən sonra gözləməmi söylədilər və sonra məni bloka atdılar. Hazırda zəng çatmır və məni hər yerdən əngəlləyiblər”.
Zərərçəkən bankla əlaqə saxlasa da, onlar belə halların hüquq mühafizə orqanları tərəfindən həll edilə biləcəyini diqqətə çatdırıblar.
“Məbləğ kiçik olduğu üçün (12 azn) rahatlıqla insanları aldadırlar. Belə dələduzları ifşalamaq lazımdır, yoxsa sayları getdikcə artacaq” deyə o əlavə edib. Məsələni dəqiqləşdirmək üçün bizə təqdim edilən nömrə və “Güvenli satışlar” adlı “Facebook” hesabı ilə əlaqə saxlamağa çalışsaq da, mesajlarımıza və zənglərimizə cavab verən olmadı.
Təəssüf ki, bu kimi halların baş verməsi insanlarda onlayn xidmətlərə qarşı ciddi inamsızlıq yaradır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bu barədə TodayPress-ə danışarkən bildirib ki, son dövrlərdə sosial şəbəkələr üzərindən "xidmət" adı ilə vətəndaşlardan pul alıb, daha sonra onları bloklama halları olduqca artıb.
“Məsələn, bir çox halda vətəndaşlara sosial media hesablarında izləyici sayı artırmaq, səhifə tanıtımı və ya digər rəqəmsal xidmətlər vəd edilir. Vətəndaş ödənişi etdikdən sonra isə onu bloklayırlar və əlaqə saxlamaq imkanı qalmır. Burada məqsəd kiçik məbləğlərlə (10-20 manat) daha çox insanı aldatmaqdır ki, hadisə cəmiyyət və hüquq-mühafizə orqanları tərəfindən "çox ciddi" görünməsin. Lakin əgər gündə ən az 10 nəfər bu üsulla aldadılsa, bu, artıq bir günə 100-200, aya isə minlərlə manat edir. Bu, sistematik dələduzluq əlamətləri daşıyır və hüquqi qiymət verilməlidir”.
Sədrin sözlərinə görə, insanlar bu cür hallarla rastlaşdıqda mütləq hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Məlumat və sübutlar, ödəniş qəbzləri, yazışma ekran görüntüləri təqdim edilməlidir.
Texnologiyaların sürətli inkişafı ilə yanaşı, kiberdələduzluq formaları da dəyişir. Ona görə də vətəndaşlar hər hansı ödəniş etməzdən əvvəl qarşı tərəfin etibarlılığına əmin olmalı, rəsmi mənbələrdən və lisenziyalı xidmət təminatçılarından istifadə etməlidirlər.
Ekspert bildirib ki, burada maarifləndirmə də çox vacibdir. İnsanlar bilməlidirlər ki, “asan qazanc” və “sürətli nəticə” vədləri adətən dələduzluq niyyəti daşıyır. Sosial şəbəkələrdə xidmət alarkən son dərəcə diqqətli olmaq lazımdır.
Töhfə Səməd
tag: Elvin Abbasov,Ekspert,Onlanyn Bazar,Fırıldaqçılıq,Todaypress.az,
