Niyə zəhərlənirik? – Mütəxəssisdən SOS SİQNALI!
"Kütləvi zəhərlənmələrin qarşısını almaq üçün qidanın hazırlanması, saxlanılması və təqdimatı ciddi nəzarət altında aparılmalı, mövcud qaydalara tam şəkildə əməl olunmalıdır".
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, şadlıq sarayları kimi yerlərdə baş verəcək hər hansı bir pozuntu, təkcə müəssisənin nüfuzuna zərbə vurmur, eyni zamanda insanların sağlamlığı üçün ciddi risk yaradır:
"Məkanlarla razılığa gələn şəxslər ilk növbədə obyektin mətbəxi ilə tanış olmalıdırlar. Əgər orada qaydalara əməl olunmursa, anti-sanitar şəraitdə iş görülürsə, yeməklər köhnədirsə, bu cür yerlərlə əməkdaşlıqdan imtina edilməlidir. Bu gün yeyilən plov, dünən bir başqa toyda süfrəyə qoyulmuş ola bilər. İnsanlar təkcə maddiyatı yox, sağlamlığı da nəzərə almalıdırlar".
AİB sədri bildirib ki, belə problemlərin həll olunması üçün dövlət qurumları daha ciddi addımlar atmalıdır. Xüsusilə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) əlavə səlahiyyətlərin verilməsi vacibdir. Qurumun istədiyi vaxt obyektlərə baxış keçirmək imkanları olmalıdır.
Eyyub Hüseynov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən standart müqavilə forması təsdiqlənməli və şadlıq sarayı ilə müştəri arasında bağlanacaq müqavilələrdə məsuliyyət məsələləri açıq şəkildə qeyd olunmalıdır.
Ekspert evdə baş verən zəhərlənmələrə də toxunub. O, xəbərdarlıq edib ki, yumurta, ət, toyuq, süd və süd məhsulları kimi tez xarab olan qidaların qəbulunda diqqətli olmaq lazımdır.
Belə qidalar soyuducuda saxlanmalı, vaxtı keçdikdə isə atılmalıdır. Həmçinin mövsümü olmayan meyvə-tərəvəzlərin qəbulu da risk faktoru sayılır.
Türkan İsgəndərli
tag: Eyyub Hüseynov,Ekspert,Qida,Zəhərlənmə,Todaypress.az,
