Neft ucuzlaşır: Sosial ödənişlərdə azalma OLACAQ?
“Ölkəmizin ixracatının 80 faizi xam neftdən ibarət olduğundan, neftin qiymətinin azalması Azərbaycana birbaşa təsir göstərir”.
TodayPress xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib, neft bazarındakı çaxnaşma isə daha da dərinləşib.
“Hazırda hər bareli 61 dollara təklif edilən “Brent” markalı neft son 3 ayda 31%, son 1 həftədə isə 20% dəyər itirib. Bu, neftin qiymətinin COVID-19 pandemiyasından sonrakı dövrdə ən aşağı səviyyəyə düşməsi deməkdir. “Qara qızıl”ın qiyməti ilə bağlı proqnozlar da kifayət qədər bədbindir. ABŞ-nin qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlanması riskini artırıb. “Goldman Sachs” təhlilçiləri neftin bir barelinin qiymətinin 40 dollara qədər enə biləcəyini istisna etmirlər”.
Millət vəkili həmçinin qeyd edib ki, neftin qiymətinin azalması ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. İxracatımızın 80 faizini xam neft təşkil etdiyini nəzərə alsaq, birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir edir. Bu baxımdan, mövcud qiymətlər Azərbaycan üçün heç də arzuolunan deyil.
“Aşağı neft qiymətlərinin sosial ödənişlərə təsirinə gəlincə, bu sahədə hər hansı azalma gözlənilmir. Hazırda büdcə xərclərində sosial ödənişlərin payı 41%, büdcənin qeyri-neft gəlirləri isə 51% təşkil edir. Fiskal neft gəlirlərimizin əhəmiyyətli hissəsini təşkil edən Dövlət Neft Fondunun büdcə transfertəri 2025-ci ildə 14 milyard 481 milyon manat nəzərdə tutulub. Neft fondunun aktivlərinin 60 milyard dollardan çox olduğunu nəzərə alsaq büdcə transfertləri üçün hər hansı çətinliyin yaranmayacağı aydındır. Bu da bütün sosial layihələrin vaxtında maliyələşdirməsinə imkan verir. Bu baxımdan, neftin aşağı qiymətləri 2025-ci ildə sosial öhdəliklər üçün hər hansı çətinlik yaratmır” deyə o fikrini yekunlaşdırıb.
Aysel Mətləb
tag: Vüqar Bayramov,Deputat,Neft,Sosial Ödəniş,Todaypress.az,
