Nazir: Təyyarə qəzasında xəsarət alan 3 yaralı Bakıda xəstəxanaya yerləşdirildi
Cəmiyyət
30.12.2024 22:40
Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın
Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar
"Yeni klinika"ya yerləşdiriliblər.
TodayPress xəbər verir ki, bu barədə
Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən
yaralıların son vəziyyəti barədə danışarkən deyib.
Nazir bildirib ki, xəsarət alanlar reanimasiya
şöbəsindədir: "Vəziyyətləri orta sabitdir".
T.Musayevin sözlərinə görə, xəsarət alanlardan doqquzu
artıq evə buraxılıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini
həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak
olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub,
iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin
meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə
gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə
təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun
rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının
Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj
üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə
Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj
üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci
dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici
müdaxilə nəticəsində qəzaya uğrayıb.
tag: Aktau, Qəza, Baş Sağlığı, Yaralı, Bakı, todaypress.az,