Müştərinin 6 min dollarlıq pencəkləri oğurlandı: Məsuliyyət kimin üzərinə düşür?

Cəmiyyət

02.05.2025 18:48

101

Xidmət göstərən müəssisə müştəri tərəfindən ona təhvil verilən malın qorunub saxlanmasını təmin etməlidir. Bu məsuliyyət tam şəkildə həmin müəssisənin üzərinə düşür. Əgər məhsulun başına hər hansı bir hadisə gələrsə, o itərsə və ya zədələnərsə, ilkin olaraq hadisənin səbəbi araşdırılmalıdır".

Vəkil Sadiq Əfəndiyev bunu TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, Mülki Məcəlləyə əsasən, məhsul müəssisə işçiləri tərəfindən mənimsənilibsə, bu artıq cinayət məsuliyyəti yaradır:

“Əgər oğurluq hadisəsi işçilərin xəbəri olmadan baş veribsə belə, yenə də qanun pozuntusudur. Çünki müəssisədə məsul olan şəxs onun qorunmasını və mühafizəsini təmin etməlidir. Bu öhdəlik yerinə yetirilməyibsə, məsələ mülki-hüquqi qaydada həll edilməlidir.”

Hüquqşünas qeyd edib ki, belə hallarda zərərçəkmiş müştəriyə dəymiş ziyan müəssisə tərəfindən tam şəkildə ödənilməlidir. Ziyanın ödənilməsi isə müxtəlif formalarda həyata keçirilə bilər. Belə ki, aidiyyəti mütəxəssislər tərəfindən qiymətləndirilə və ya tərəflər arasında razılıq yolu ilə müəyyən edilə bilər. Hər iki halda da müəyyən edilən qiymət müəssisə tərəfindən qarşılanmalıdır.

Vəkilin sözlərinə görə, məhsulun dəyəri hesablanarkən onun istismar müddəti, yəni köhnəlmə dərəcəsi də nəzərə alınmalıdır:

“Çünki məhsulun alındığı andakı qiyməti ilə istifadə olunduqdan sonra təyin edilən dəyəri fərqli olur. Bu amil kompensasiyanın məbləğinin müəyyən olunmasında əsas rol oynayır”.

Qeyd edək ki, “AGNA” kimyəvi təmizləmə şirkətindən müştərinin 2 pencəyi oğurlanıb. Müştəri R. Ağayeva 17 aprel 2025-ci il tarixində “Port Baku Residence” yaşayış binasının LC mərtəbəsində yerləşən camaşırxanaya 2 ədəd pencək təqdim edib.

R. Ağayeva pencəkləri geri götürmək istəyəndə camaşırxanadan ona deyiblər ki, pencəklər oğurlanıb. Baş verən oğurluqla bağlı R. Ağayeva Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.

Türkan İsgəndərli

tag: Sadiq Əfəndiyev,Mülki Məcəlləsi,Oğurluq,Pencək,AGNA,Kimyəvi təmizləmə,Todaypress.az,

photo