“Müğənnilər, idmançılar heç Azərbaycan dilində danışa bilmirlər...” - SƏRT SÖZLƏR

Cəmiyyət

03.04.2025 18:58

907

“Azərbaycan dili üzrə sertifikasiya imtahanı ölkəmiz üçün çox vacibdir. Təəssüf ki, bir çox şou-biznes nümayəndələri, müğənnilər, idmançılar öz ana dilində danışa bilmirlər”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bunu TodayPress-ə danışarkən deyib.     

Onun sözlərinə görə, “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində bəzi jurnalistlər imtahandan keçmək çağırışını düz yozmayıbar. 

“Buna görə də cəmiyyətdə yanlış təəssürat yarandı ki, sanki yazıçı və mətbuat işçiləri məcburi imtahan olunacaqlar. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə təqdimat mərasimində çıxışı zamanı sadəcə bildirdi ki, bu platforma yenidir. Databazanın formalaşması üçün də Azərbaycan dilini mükəmməl bilən mütəxəssislərin, o cümlədən yazıçı və jurnalistlərin iştirakı vacibdir. Bu, məcburi deyil, könüllülük prinsipinə əsaslanır”. 

Şura sədri diqqətə çatdırıb ki, o, özü də sınaq prossesində iştirak edib:

“Burada bir sıra maraqlı məqamlar da var idi. Texniki məsələlərə görə müəyyən qüsurlar olsa da, mətnlər yazdım. Eyni zamanda bir çox jurnalist həmkarım da mənim kimi həmin sertifikasiyadan keçib. Hətta bildirdim ki, burada qorxulu heç nə yoxdur. Biz sadəcə lazımlı bir işə dəstək veririk. Təəssüf ki, imtahan adı çəkilən kimi hamı qorxur. Bu normal qarşılanmalıdır”. 

Onun fikrincə, Azərbaycan dilini səlis bilmək olduqca vacibdir:

“Təəssüf ki, bir çox şou-biznes nümayəndələri, müğənnilər, idmançılar heç Azərbaycan dilində danışa bilmirlər. "Niyə danışa bilmirlər?" Çünki orta məktəbdə bədii ədəbiyyat oxumayıblar, şeir əzbərləməyiblər. Bizə orta məktəbdə məhz ona görə şeir əzbərlədirdilər ki, gözəl nitq qabiliyyətimiz olsun. Bu gün dünyanın ən güclü natiqlərindən biri olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gəncliyində klassik ədəbiyyatdan onlarla şeir əzbərləyib. İndi də çıxış etdiyi zaman bəzən fikrini şeir ilə ifadə edir, səlis formada danışır. Gözəl natiq olmağın və dili gözəl bilməyin yolu bədii ədəbiyyat oxumaqdan, ana dilində şeirlər əzbərləməkdən keçir. Bu da birinci növbədə bizim yazıçılara, jurnalistlərə, sonra isə hamıya lazım və vacibdir”. 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən bildirib ki, “Azərbaycan dili üzrə sertifikasiya imtahanı” demo versiyada istifadəyə verilir və ilkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır. Mətbuat Şurasının sədri Rəşad Məcid isə bildirib ki, burada da yazıçı və jurnalistlərin iştirakı arzuolunandır. 

Töhfə Səməd

tag: Rəşad Məcid,Müsahibə,DİM,Nitq,İmtahan,Todaypress.az,