Müəllimlərin maaşı artacaq? – AÇIQLAMA

Cəmiyyət

11.04.2025 11:40

1124

“Müəllimlərin əməkhaqlarının artırılması” ilə “məktəblərin publik hüquqi şəxsə çevrilməsi” anlayışları bir-birindən fərqli məsələlərdir”.

Təhsil eksperti Elmin Nuri TodayPress-ə açıqlamasında bildirib. 

O, diqqətə çatdırıb ki, hazırda gündəmdə olan əsas məsələ məktəblərin publik hüquqi şəxsə çevrilməsi və bu prosesin nəticəsində bəzi məktəblərdə tətbiq olunacaq yeniliklərdir. Lakin bu dəyişikliklərlə bağlı bir sıra suallar hələ də açıq qalır. 

“Bu prosesin nə vaxt reallaşacağı, hansı qaydalar əsasında həyata keçəcəyi və neçə məktəbi əhatə edəcəyi ilə bağlı məlumatlar yoxdur. Belə məsələlərdə tələsik fikir yürütməyin doğru olmadığını düşünürəm”. 

Ekspert əlavə edib ki, bu qədər qeyri-müəyyənliyin olduğu bir vaxtda "müəllimlərin əməkhaqları artdı" kimi ümumi vəd vermək, cəmiyyətdə, xüsusən də 150 mindən çox müəllim arasında emosional gözləntilər yarada bilər:   

“Təbii ki, hamı kimi biz də arzu edərdik ki, bu gün müəllimlərin əmək haqqında bütövlükdə artım olsun. Amma reallıq da öz yerində qalmaqdadır. Publik hüquqi şəxs statusu yalnız bir qism məktəblər üçün ola biləcək ki, biz gələcəkdə orada çalışan müəllimlərin bir qismini təbrik edə biləcəyik” Elmin Nuriyev yekunlaşdırıb.     

Qeyd edək ki, məktəblərin publik hüquqi şəxsə çevrilməsi isə onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə yol açacaq.

Türkan İsgəndərli

tag: Elmin Nurizadə,Ekspert,Müəllimlər,Maaş ,Artım,Todaypress.az,

photo