Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında tədbirlər planı imzalandı

Cəmiyyət

13.01.2025 15:30

2025-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, planda cari il ərzində nəzərdə tutulan birgə tədbirlər, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

2025-ci il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi maarifləndirilməsi, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlərin və digər fəaliyyətlərin icra olunması öz əksini tapıb.

tag: Müdafiə, Nazirlik, Cari, Təhsil, todaypress.az,