Mobil oyun dələduzlarından necə qorunaq? - Ekspert açıqladı

Cəmiyyət

30.08.2024 10:59

Son zamanlar "Telegram" üzərindən oynanılan "Hamster Kombat" kimi bir sıra oyunlar dünyada sürətlə yayılmağa başlayıb. Bəzi vətəndaşlar bu oyunları dələduzluqla əlaqələndirsə də, maraq göstərənlərin sayı heç də az deyil. Bu tipli oyunların əsas məqsədi isə insanları cəlb edib, pul yatırımı etmələrinə nail olmaqdır.

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev TodayPress-ə danışarkən təəssüf hissi ilə bildirib ki, dələduzlar hər zaman iş başındadır. Bəziləri əvvəldən şirnikləşdirməklə, bəziləri isə piramida üsullu fırıldaqçılıqla məşğuldur: 

“Bu tətbiqlərin, oyunların adları önəmli deyil, əsas məsələ onların metodlarıdır. Mütləq şəkildə təklif olunan qazanc mənbəsinin üslubuna baxmaq lazımdır. Əgər şirnikləşdirici və ya piramida üsulu ilə qarşılaşsanız, uzaq durmağınız məsləhətdir”. 

Ekspert tövsiyə edib ki, belə hallarla qarşılaşan zaman hüquq-mühafizə orqanlarına məlumat verilsin. Onun sözlərinə görə, aldanmamaq üçün, məzmuna və məqsədə baxmaq mütləqdir: 

“Daimi olaraq maarifləndirici işlər həyata keçirilməlidir. Çox təəssüf ki, bəziləri sanki şansını yoxlamaq üçün zərərini bilsə də, iştirak edir və sonra hansısa məqamda aldanıb, qurbana çevrilir. Necə ki, siqaretin üzərində sağlamlığa ziyan vurduğu yazılsa da, bir çox şəxs hələ də istifadə etməyə davam edir. Bu da elə. Unutmamaq lazımdır ki, su qabı su yolunda qırılar. Yolumuzu təmiz saxlayaq ki, ayağımız batmasın”.

Töhfə Səməd

tag: Dələduzluq, Telefon oyunları,Hüquq Mühafizə Orqanları, Qazanc,Pul, Bəhruz Əliyev, todaypress.az,

photo