Minlərlə xəstə uşaq: Bağçalarda niyə həkim tapılmır? - Araşdırma

Cəmiyyət

05.09.2024 14:50

Dövlət Statistika Komitəsi (DSK) tərəfindən nəşr olunan “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsində bildirilib ki, ötən il məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) 51 min 7 uşaqda xəstələnmə halları qeydə alınıb. Qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyası ilə bağlı olan xəstəlikləri valideynlər bağçalardakı şəraitin aşağı olması ilə əlaqələndirirlər. 

Məsələ ilə bağlı TodayPress-ə danışan təhsil üzrə ekspert Elşən Qafarovun sözlərinə görə, bağçalarla yanaşı, ümumi təhsil müəssisələrində də şagirdlərin tez-tez xəstələnmə halları müşahidə edilir: 

“Xüsusilə oktyabr ayından başlayaraq suçiçiəyi və qripin bir sıra növləri sürətlə yayılmağa başlayır. Bu kimi hallar da davamiyyəti aşağı salır. Buna səbəb isə tibbi xidmətin düzgün formada təşkil olunmamasıdır. Uşaqlar gündəlik müayinə olunmalıdır”.

Ekspert xarici təcrübədən nümunə gətirərək bildirib ki,  Qazaxıstanda uşaqlar vaxtaşırı müayinə olunur, həkimlər tərəfindən gündəlik nəzarətdə saxlanılırlar. Azərbaycandakı bağçalarda isə həkim yoxdur. Nazirlər kabinetinin müvafiq qərarına əsasən pulsuz tibbi xidmətin təşkili qaydaları mövcuddur. Həmin qərar düzgün yerinə yetirilərsə, belə mənzərələrlə qarşılaşmarıq.

Pediatr Günay Rəsulova isə TodayPress-ə danışarkən qeyd edib ki, kollektiv toplaşma yerlərinə gedən uşaqların tez-tez xəstələnməsinin əsas səbəbi adətən onların peyvəndlərinin vaxtında vurulmaması və yaxud da bağçaya erkən yaşda başlamalarıdır: 

“Bəzi valideynlər var ki, uşaqlarını 1 yaşından bağçaya göndərirlər. Bu halda immun sistemi tam formalaşmayan uşaqlar tez-tez xəstələnirlər”. 

Günay Rəsulovanın fikrincə, bağçaların əksəriyyətində infeksion yoxlanışı düzgün aparılmır. Yəni xəstə uşaqlar qapıdaca təsbit edilib geri qaytarılmır. Hətta bəzi valideynlər uşağını dərman və reseptləri ilə birgə bağçaya göndərir ki, onsuz da müəllim ona qulluq göstərəcək. Lakin belə olduğu halda uşağın immun sistemi daha da zəifləyərək ikinci dəfə infeksiya tutula və vəziyyəti daha da ağırlaşa bilər.

“Ümumiyyətlə bizim cəmiyyətdə uşaq xəstələnən zaman ilk növbədə həkimə yox, çöpçüyə aparılır. Çöpçülər isə hava-damcı vasitəsilə yayılan infeksiyaları uşaqlar arasında daha çox yaymaqda rol oynayır. Bütün bu yalnış vərdişlərimiz isə mövsümi xəstəliklərin qapalı şəraitdə daha çox yayılmasına  təkan verir”. 

Qeyd edək ki, bu gün Azərbaycanda 1 857 uşaq bağçası fəaliyyət göstərir.

Töhfə Səməd

tag: Uşaqlar, Xəstəlik, Valideynlər, Müəllimələr, Bağçalar, todaypress.az,

photo
photo