Millət vəkilləri Ulu Öndəri yad etdi: ƏN ÇƏTİN, AĞIR VƏ MÜRƏKKƏB DÖVRLƏRİN LİDERİ !

Cəmiyyət

10.05.2025 12:55

24

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə onun ölkənin ictimai-siyasi və iqtisadi həyatında oynadığı misilsiz rol bir daha xatırlanır.   

Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə TodayPress-ə danışarkən bildirib ki, 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın iqtisadiyyatında dərin tənəzzülün aradan qaldırılmasında həlledici rol oynayıb. 

Deputat qeyd edib ki, həmin dövrdə dövlət idarəetməsi yenidən qurulub, iqtisadi sabitliyin bərpası məqsədilə liberal islahatlara start verilib, torpaq və mülkiyyət islahatları həyata keçirilib. Azərbaycan MDB məkanında ilk dəfə torpaq islahatlarını həyata keçirən ölkə olub. Yeni mülkiyyət formalarının yaradılması, sosial ədalətə əsaslanan təminat sisteminin qurulması və strateji proqramların reallaşdırılması ölkə iqtisadiyyatının bünövrəsini möhkəmləndirib. 

Deputat həmçinin xatırladıb ki, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə imzalanıb.

Bu müqavilə Azərbaycanın beynəlxalq enerji bazarlarında birbaşa iştirakına və iqtisadi müstəqilliyinin möhkəmlənməsinə səbəb olub. 

"1995-ci ildən etibarən ölkə iqtisadiyyatında artım meylləri müşahidə olunmağa başladı. Əgər 1995-ci ildə ÜDM 11.8 faiz azalmışdısa, 1996-cı ildə 1.3 faiz artım qeydə alındı. Bu, iqtisadi depressiyanın sonu və inkişafın başlanğıcı oldu. Bu gün Azərbaycan dünyada enerji təhlükəsizliyinə töhfə verən və müstəqil siyasət yürütmək gücünə malik bir ölkə kimi tanınır. Bütün bu uğurların əsasında isə məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır”. 

Deputat Ceyhun Məmmədov isə TodayPress-ə bildirib ki, Heydər Əliyev şəxsiyyətini və Heydər Əliyev fenomenini bütün incəlikləri ilə, tam mənası ilə qiymətləndirmək olduqca çətindir. 

“Çünki Ulu Öndər kimi dahilər tarixdə nadir hallarda doğulur. Onlar yalnız öz zamanlarının deyil, bütöv bir millətin və gələcək nəsillərin taleyində mühüm rol oynayır, iz qoyurlar. Heydər Əliyev Azərbaycanın ən çətin, ağır və mürəkkəb dövrlərində çıxış yolu taparaq xalqını və dövlətini xilas edən, onu müstəqillik və inkişaf yoluna çıxaran nadir lider olub". 

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev bir çox siyasi xadimlərin edə bilmədiyini bacarıb. O, yalnız Azərbaycanın deyil, həm də bütün regionun gələcəyinə yön verən, zamanın çağırışlarına cavab verə bilən lider kimi tarixdə öz layiqli yerini tutub. 

Ceyhun Məmmədov əlavə edib ki, Heydər Əliyevin hər zaman əsas amal və məqsədi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahı və müstəqilliyin əbədi olması olub: 

“Ulu Öndər istər Sovet dövründə, istərsə də müstəqillik illərində bütün fəaliyyətini xalqa və vətənə həsr edib. Onun siyasi iradəsi, strateji baxışı, uzaqgörənliyi Azərbaycanı parçalanmadan, xaosdan xilas edərək sabit və inkişaf edən dövlətə çevirib. Heydər Əliyevi milyonlardan fərqləndirən əsas keyfiyyət onun gələcəyi görə bilməsi, konkret məqsədlər müəyyənləşdirib xalqı bu məqsədlər ətrafında səfərbər edə bilməsi idi. Azərbaycanın tərəqqisi, xalqın potensialının üzə çıxarılması və ölkəmizin dünyada layiqli mövqeyə sahib olması onun ən böyük arzusu idi. Bu gün həmin arzular həyata keçir, bu isə onun yaratdığı möhkəm təməl sayəsində mümkün olub”. 

Sonda Ceyhun Məmmədov bildirib ki, Heydər Əliyev yalnız keçmişin böyük lideri deyil, bu günümüzün və gələcəyimizin də ilham mənbəyidir. Biz Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla yad edir, onun əmanət qoyduğu müstəqil Azərbaycan dövlətini daha da gücləndirmək üçün var gücümüzlə çalışırıq.   

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Ceyhun Məmmədov,Ulu Öndər,Heydər Əliyev,

photo
photo