Millət vəkilindən nağdsız ödənişlərlə bağlı TƏKLİF
"Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də marağın yüksəlməsi də müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir".
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir.
Deputat əlavə edib ki, POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir.
"Əksər hallarda həmin xəclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləğinin 1,4-1,8 % həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, bu zaman bu xərcin nə qədər böyük olmasını təsəvvür etmək çətin olmaz. 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 62.2 milyard manat olub. Əvvəlki ilə nisbətən 2024-cü ildə dövriyyə real ifadə 3.9 faiz artıb. İl ərzində nağdsız pərakəndə ticarət döviyyəsi isə 24.5 milyard manata çatıb. Bu o deməkdir ki, komissiya haqlarının orta hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar sadəcə POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar".
Millət vəkili bildirib ki, belə böyük məbləğ biznesin xərclərini artırır, qiymətlərə təsirsiz ötüşmür, mikro və kiçik sahibkarlara verilən sifarişləri bahalaşdırır.
O, hesab edir ki, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil.
"Yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır. Bu isə o deməkdir ki, bankların POS-terminallardan istifadə üzrə xərclərin optimallaşdırılmasına ehtiyac var. Avropada İnterçeync çərçivəsində debet kart ödənişlərində maksimum 0.2%, kredit kart ödənişlərində ən çoxu 0.3% tətbiq edilir. ABŞ-da Durbin Qanunu ilə debit kartların interçeync haqları məhdudlaşdırılıb: $0.21 + 0.05%. Bir sıra dövlətlərdə isə ödənişlər üçün aşağı komissiyalar və hətta dövlət subsidiyası da tətbiq edilir. Azərbaycanda isə POS-terminal xidmətləri üzrə komissiya faizlərinə dair məhdudiyyətlərin olmaması bankların daha yüksək haqlar müəyyən etməsinə şərait yaradır".
Bu baxımdan, millət vəkili ölkəmizdə də POS-terminal xidməti üzrə maksimum komissiya faizinin müəyyənləşdirilməsinin məqsədəuyğun olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına çalışmalıdır.
Eyni zamanda, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, daxili İnterçeync sisteminin formalaşdırılması da bankların yüksək komissiya haqlarının azalmasına səbəb ola bilər.
Bu isə həm nağdsız hesablamaları təşviq edər, həm də qiymətlərin azalmasına müsbət təsir göstərər.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Nağdsız,Ödəniş,Todaypress.az,
