Millət vəkili şirkətlərə ÇAĞIRIŞ ETDİ: “Bu, şəhidlərin haqqını başa düşməkdir"

Cəmiyyət

14.04.2025 17:00

221

Veysəloğlu Şirkətlər Qrupu şəhid ailələrinə göstərdiyi dəstək ilə diqqət çəkib. Məlum olub ki, şirkət, vaxtilə qurumda çalışmış və sonradan İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının aylıq müavinətlərini hələ də onların ailələrinə ödəyir.

Məsələyə münasibət bildirən Millət vəkili Fazil Mustafa bu barədə TodayPress-ə danışarkən qeyd edib ki, şəhid ailələri və qazilərə dəstək məqsədilə sosial məsuliyyət təşəbbüsləri göstərən şirkətlərin fəaliyyəti cəmiyyətə nümunədir. 

Onun sözlərinə görə, bu istiqamətdə görülən hər bir iş təqdir olunmalı və mediada, sosial şəbəkə resurslarında geniş şəkildə işıqlandırılmalıdır.

"Bu, həm də göstərir ki, həmin şirkətlər Vətənin bir parçası kimi dövlətin müəyyən strategiyasına uyğun çalışırlar. Bu, əslində bir haqqı qaytarmaq, bir borcu başa düşməkdir".

Deputat əlavə edib ki, belə yanaşmalar insanlarda qədirşünaslıq hissi yaradır və onların şəhidlərə borcunu xatırladır.

Mövzu ilə bağlı fikirlərini TodayPress-lə bölüşən sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, bu cür sosial məsuliyyət addımları təqdirəlayiqdir:

“Bu, olduqca dəyərli və nümunəvi bir davranışdır. Söhbət ərazi bütövlüyümüz və suverenliyimizin bərpası uğrunda canından keçmiş insanlardan – şəhidlərimizdən gedir. Onlar bizim baş tacımızdır və onlara əbədi borcluyuq. Bu cür filantrop təşəbbüslər cəmiyyətə nümunə olmalı və geniş şəkildə ictimaiyyətə çatdırılmalıdır ki, digər qurumlar da belə təşəbbüslərə qoşulsun”.

Sosioloq əlavə edib ki, qazilərə və şəhid ailələrinə qayğı göstərmək hər bir müəssisənin, eləcə də cəmiyyətin mənəvi borcudur.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu 13 şəhid əməkdaşının hər birinin əmək haqqını, bütün maaş artımlarını əlavə etməklə, bu gün də ödəməyə davam edir. 

Türkan İsgəndərli

tag: Fazil Mustafa,Deputat,Üzeyir Şəfiyev,Sosioloq,Todaypress.az,

photo