Millət vəkili: “Minatəmizləmə prosesində Azərbaycana daha böyük dəstək lazımdır”
“Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər sırasında mina terroru əsas yer tutur. Ermənistanın mina terroru hələ də davam edir”.
Milli Məclisin deputatı Fatma Yıldırım bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, mina terroru nəticəsində yalnız hərbi qulluqçuların deyil, çoxsaylı mülki şəxslərin, öz xidməti vəzifələrini və peşə borclarını yerinə yetirmək üçün işğaldan azad edilmiş bölgələrə ezam olunmuş insanların, o cümlədən media nümayəndələrinin də həyatı təhlükə altındadır.
“Statistik məlumatlara əsasən, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur ki, bunların 359-u uşaq, 38-i qadındır. Bu rəqəmlər regionda ədalətli və dayanıqlı sülhün təmin edilməsi yolunda böyük bir maneə olan mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir”.
Deputatın qənaətincə, beynəlxalq ictimaiyyət Azərbaycanın çağırışına laqeyd qalmamalıdır. Azərbaycana minatəmizləmə prosesində daha böyük dəstək lazımdır. Çünki mina problemi işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına ciddi problem yaradır.
“Hökumətimiz bu istiqamətdə beynəlxalq müstəvidə fəal iş aparır. Eyni zamanda, hesab edirəm ki, Milli Məclisin dostluq qrupları öz həmkarları ilə görüşlərində bu məsələni ciddi şəkildə qaldırmalıdır. Bizim dostlarımızdan xahişimiz odur ki, bu məsələdə öz dəstəklərini əsirgəməsinlər. Ölkəmizdə səfərdə olan Venesuela parlamentinin nümayəndə heyəti ilə görüşümüzdə də çıxışım zamanı bu dost ölkədən problemlə bağlı beynəlxalq səviyyədə dəstək göstərilməsini xahiş etdim. Biz ümid edirik ki, beynəlxalq birliyin bu prosesdə ölkəmizə yardımı daha da artacaq” deyə Fatma Yıldırım bildirib.
Töhfə Səməd
tag: Millət Vəkili,Fatma Yıldırım,Mina,Azərbaycan,Todaypress.az,
