MİDA-dan ev almaq istəyənlərin nəzərinə!: “5 saniyəyə…”
Cəmiyyət
05.10.2024 15:15
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Sumqayıt və Lənkəran şəhərlərindəki Yaşayış Komplekslərində mənzillərin satışa çıxarılmasını planlaşdırdığı bildirilir.
Xatırladaq ki, daha öncələr Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksindəki mənzillərinin bir neçə saniyə satılması böyük qalmaqala səbəb olmuşdu. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılmış və bir neçə şəxs həbs edilmişdi.
Maraqlıdır, analoji hadisə təkrar baş verə bilər?
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bu barədə TodayPress-ə danışarkən bildirib ki, həmin hadisədən sonra sistemə müdaxilə edilməməsi üçün qabaqlayıcı tədbirlər görülüb:
“Prosesin şəffaf şəkildə keçməsi üçün lazımi addımlar atılıb. Düşünürəm ki, müvafiq kibercinayətkarlığa qarşı mübarizə aparan idarələr, xüsusilə də, hüquq-mühafizə orqanları məhz prosesin ədalətli, şəffaf keçməsinə xüsusi nəzarət edəcək. Analoji halın təkrar olunacağı gözlənilən deyil”.
Ekspert hesab edir ki, son dövrlər MİDA-nın sosial layihələri Bakıdan kənara da tətbiq etməsi təqdirəlayiq hadisədir:
“Məndə olan məlumata görə, bu proses təkcə Sumqayıt və Lənkəranla yekunlaşmayacaq, Mingəşevir, Gəncə, İsamyıllı və digər bölgələrdə də anoloji proyektlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu onu göstərir ki, hökumət xüsusilə də aztəminatlı, gənc ailələrin tez bir zamanda mənzillə təmin olunması üçün müvafiq layihələrin üzərində işləyir və bu istiqamətdə qarşısına yeni hədəflər qoyur”.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən (MİDA) Sumqayıt və Lənkəran şəhərlərindəki Yaşayış Komplekslərində güzəştli mənzillərin satışına dair elan prosesə ən azı 30 gün qalmış veriləcək. Vətəndaşlar bu barədə media vasitəsilə, Agentliyin internet səhifəsi və sosial şəbəkələrdəki hesabları vasitəsilə məlumatlandırılacaq.
Günəş Mərd
tag: MİDA ,Evlər, Yasamal ,Bakı ,Əhali ,Yaşayış Kompleksləri, Sumqayıt ,todaypress.az,